7NEWS.az xəbər verir ki, Bakı İdrak Liseyinin rəhbərliyinin təşəbbüsü ilə şagirdlər üçün Azərbaycanın şanlı Zəfərinə həsr olunmuş filmin nümayişi təşkil edilib. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə görüş keçirilib.
Tədbirin əsas məqsədi gənc nəslin Azərbaycanın şanlı tarixinə marağını artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək və şagirdləri Vətən müharibəsi qəhrəmanlarının şücaəti ilə daha yaxından tanış etmək olub.
Film nümayişindən sonra şagirdlər ekran əsərində rol alan aktyorlarla görüşərək onları maraqlandıran sualları ünvanlamaq imkanı əldə ediblər. Görüşdə Vətən müharibəsi qəhrəmanlarının Bakı İdrak Liseyində təhsil alan övladları da iştirak ediblər.
Bakı İdrak Liseyinin təsisçisi İdris Alışov çıxışında gənc nəslin tariximizi dərindən öyrənməsinin, milli-mənəvi dəyərlərimizi qorumasının və Vətən sevgisi ruhunda yetişməsinin vacibliyini vurğulayıb. O, filmin bütün məktəblilər tərəfindən izlənilməsinin əhəmiyyətinə toxunaraq, bu cür təşəbbüslərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verdiyini bildirib.
Filmin nümayişi və yaradıcı heyətlə görüş Cinemastercard-ın dəstəyi, Baku Media Center-in təşkilati dəstəyi ilə həyata keçirilib.
Tarixini bilən, qəhrəmanlarını tanıyan və şəhidlərinin əziz xatirəsini yaşadan gənclik Vətənin ən böyük sərvətidir. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların xatirəsinə dərin ehtiramımızı bildirir, gələcək nəsillərin Vətənə sədaqət ruhunda yetişdirilməsini müqəddəs vəzifəmiz hesab edirik.
Yaşasın Azərbaycan! Yaşasın Vətən sevgisi!








