RU
Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah
10:40
29

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah

Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir? Səbəb qan qrupu, dəri rəngi, yoxsa başqa amillərdir? Alimlər bu suala cavab tapıblar.
 
Bu barədə "Haber Global" məlumat yayıb.

Araşdırmalar göstərir ki, ağcaqanadlar qurban seçərkən düşündüyümüzdən daha mürəkkəb bir sistemdən istifadə edirlər. Bir çox hallarda eyni mühitdə olan insanlardan biri ağcaqanadların hədəfinə çevrilir, digəri isə bu həşəratlardan demək olar ki, əziyyət çəkmir.

Alimlər müəyyən ediblər ki, ağcaqanadlar təsadüfi hərəkət etmirlər. Bu həşəratlar insan bədənindən xaric olan karbon qazını onlarla metr uzaqdan hiss edə bilirlər. Hədəfə yaxınlaşdıqca isə bədən qoxusu, temperatur, rütubət və dərinin ifraz etdiyi xüsusi kimyəvi maddələr həlledici rol oynayır.

Tədqiqatlar sübut edir ki, bəzi insanların dərisində əmələ gələn xüsusi kimyəvi birləşmələr ağcaqanadlar üçün "maqnit" funksiyası yerinə yetirir. İllər boyu cəmiyyətdə doğru bilinən bəzi fərziyyələr isə elmi sınaqlarda öz təsdiqini tapmayıb. Belə ki, insanın saç və göz rənginin, o cümlədən qan qrupunun ağcaqanadların seçimində heç bir rolu olmadığı aşkarlanıb.
Lakin diqqətçəkən digər vacib məqam spirtli içkilərin təsiridir. Araşdırmalar göstərir ki, spirtli içki qəbul edən şəxslər ağcaqanadlar üçün daha cəlbedici olurlar. Çünki spirt bədən temperaturunu artırır, karbon qazı ifrazını çoxaldır və bədən qoxusunu dəyişir.

Qeyd edək ki, təhlükə yalnız xoşagəlməz qaşınma ilə bitmir. Denge qızdırması, sarı qızdırma, çikungunya və malyariya kimi xəstəlikləri daşıyan ağcaqanad növləri iqlim dəyişikliyi səbəbindən yeni bölgələrə yayılır. Mütəxəssislər bildirirlər ki, aparılan bu tədqiqatlar gələcəkdə insanları təhlükəli yoluxucu xəstəliklərdən qoruya biləcək yeni profilaktika metodlarının yaradılmasına imkan verəcək.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ