Cənub okeanında yerləşən Avstraliyaya məxsus Herd və Makdonald adalarında yüksək patogenli H5N1 quş qripi epidemiyası nəticəsində 13 mindən çox cənub dəniz fili balası məhv olub.
Bu barədə Avstraliya Antarktika Divizionunun (Australian Antarctic Division) yayımladığı hesabatda məlumat verilir.
Alimlərin məlumatına görə, Herd adasında dəniz fillərinin gənc nəslinin ümumi sayı təxminən 17 min fərd təşkil edib, onlardan 13 minə yaxını virus səbəbindən tələf olub. Orta ölüm göstəricisi 76%, bəzi koloniyalarda isə 97%-ə çatıb.
"2026-cı ilin yanvar ayına qədər bütün tədqiq edilən çoxalma ərazilərində, o cümlədən Makdonald adasında dəniz fili balalarının kütləvi ölümü qeydə alınıb", - deyə qurumdan bildirilib.
Tədqiqatın aparıcı müəllifi, vəhşi təbiət üzrə mütəxəssis, bioloq doktor Culi MakKinnes qeyd edib ki, Herd və Makdonald adalarında H5 qripinin müşahidə olunması virusun Avstraliyadan kənar ərazilərə keçidinin ilk halıdır və patogenin subantarktika regionu boyu şərqə doğru davamlı yerdəyişməsini göstərir.
Tədqiqatçılar eyni zamanda kral və papua pinqvinləri arasında da yüksək ölüm hallarını qeydə alıblar. Doqquz növdən götürülmüş nümunələrin analizi altı növdə - cənub dəniz filləri, kral və papua pinqvinləri, antarktika dəniz pişikləri və fırtına quşlarında H5N1 virusunun olduğunu təsdiqləyib.
Genetik analizlər virusun adalara, böyük ehtimalla, Herd adasından təxminən 1,8 min km aralıda yerləşən Fransanın Kroze arxipelaqından vəhşi heyvanlar vasitəsilə keçdiyini göstərib. Ehtimal olunur ki, bu proses 2025-ci ilin avqustunda baş verib. Epidemiya miqyasını qiymətləndirmək üçün alimlər ümumi uzunluğu 1.6 min km-dən çox olan 120 pilotsuz uçuş aparatı (PUA) vasitəsilə monitorinq aparıb və sahil boyu təxminən 300 km məsafədə yerüstü yoxlamalar keçiriblər.
Qeyd edək ki, Herd və Makdonald adaları Avstraliyanın xarici ərazisi olmaqla, ölkənin materik hissəsindən təxminən 4 min km cənub-qərbdə və Antarktidadan 1.7 min km şimalda yerləşir. Arxipelaq UNESCO-nun Ümumdünya İrsi siyahısına daxildir və Cənub okeanında dəniz məməlilərinin, eləcə də quşlarının çoxalması üçün ən mühüm məkanlardan biri hesab olunur.








