Azərbaycan Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilmiş hər iki binada çox sayda həm media, həm də QHT sektorunda fəaliyyət göstərən şəxslərə ev verilib. Bu nəinki Azərbaycan, həm də dünya tarixində bir ilkdir.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Sədri Asif Əsgərli bildirib ki, Prezidentin sərəncamı ilə tikilmiş hər iki binada media sahəsində çalışanlarla yanaşı, QHT sektorunda fəaliyyət göstərən şəxslərə ev verilməsi sevindirici məqamdır, həm də bir ilkdir: "Prezidentin bu addımı medianın, bütövlükdə vətəndaş cəmiyyətinin üzərinə böyük bir məsuliyyət qoyur”.
QHT-media münasibətlərinin vahid bir sistem olduğunu deyən Asif Əsgərli gələcəkdə də Prezident İlham Əliyev tərəfindən bu sektora diqqət və qayğının artacağına əminliyini ifadə etdi: "Bizim xeyli sayda həmkarlarımız var ki, həm media, həm də QHT-sektorunda aktiv fəaliyyət göstərir və bu fəaliyyəti uğurlu şəkildə koordinə edə bilir. Yeni istifadəyə verilmiş binadan həmin həmkarlarımızdan bir neçəsinin ev sahibi olması bizi iki qat sevindirdi. Hesab edirəm ki, biz də öz növbəmizdə dövlətimizin milli maraqlarını həm yerli, həm də beynəlxalq səviyyədə müdafiə etməliyik”.








