2026-cı ilin 14 aprel tarixində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Ankara şəhərində yerləşən Gazi Universitetini ziyarət edib.
MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayeva, Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədova və Humanitar fənlər kafedrasının dosenti Asim Məmmədovun yer aldığı nümayəndə heyəti ziyarət zamanı Gazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal, prorektor Prof. Dr. Serhat Karyeyen və Texnologiya fakültəsinin dekanı Prof. Dr. Musa Atarla görüşlər keçiriblər. Görüşdə iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub.
Görüş çərçivəsində tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi, xüsusilə kompüter mühəndisliyi və elektrik-elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramlarının yaradılması istiqamətində konkret məsələlər müzakirə olunub. Bununla yanaşı, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ortaq layihələrin həyata keçirilməsi, eləcə də multidissiplinar istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi tərəflər tərəfindən prioritet kimi müəyyən edilib.
Müzakirələrin yekununda Mingəçevir Dövlət Universiteti ilə Gazi Universiteti arasında mövcud əməkdaşlıq memorandumunun yenilənməsi barədə qarşılıqlı razılıq əldə olunub. Qeyd olunub ki, yenilənəcək sənəd iki universitet arasında elmi-tədqiqat, innovasiya və akademik mübadilə sahələrində əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək.
Səfər çərçivəsində əldə olunan razılaşmaların hər iki universitet üçün yeni imkanlar açacağı və Azərbaycan–Türkiyə ali təhsil əməkdaşlığının inkişafına əlavə dəyər qatacağı vurğulanıb.









