Almaniya və Niderland əfqan miqrantların öz ölkələrinə deportasiya edilməsini müvəqqəti olaraq dayandırır.
Bu qərar Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədardır.
Niderland hökuməti sığınacaq istəyən əfqanları 6 ay müddətinə deportasiya etməyəcəyini bildirib. Almaniya hökuməti isə bununla bağlı dəqiq vaxt açıqlamayıb.
Niderland ədliyyə nazirinin müavini Ankie Broekers-Knol parlamentə yazdığı məktubda bu qərarın Əfqanıstanda vəziyyətin sürətlə pisləşməsi fonunda alındığını qeyd edib.
Qeyd edək ki, iyulun əvvəlində Kabil bütün Avropa ölkələrinə müraciət edərək təhlükəsizlik qüvvələrinin "Taliban"la mübarizəsi ilə əlaqədar qarşıdakı üç ay ərzində məcburi deportasiyanı dayandırmağa çağırıb.
Avropa Komissiyası isə bu çağırışa cavab olaraq bildirib ki, bununla bağlı qərarı yalnız üzv ölkələr özləri verə bilər./apa
7NEWS.Az








