Almaniyada xəstəxanadan yeddigünlük körpəni oğurlayan qadın axtarılır.
7News.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, hadisə Şimali Reyn-Vestfaliya torpağının Lüdenşayd şəhərində baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, naməlum qadın palataya daxil olaraq uşağı müayinə bəhanəsi ilə aparıb. Qadın tibb bacısı formasında olub və buna görə körpənin anası ona inanıb.
Təxminən bir saat sonra körpə xəstəxananın yaxınlığındakı çoxmərtəbəli dayanacağın pilləkənlərində tapılıb. O, paltarsız vəziyyətdə bilet aparatının yanında uzanmış olub. Uşaq təcili olaraq yenidən tibb müəssisəsinə aparılıb, onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Hazırda polis genişmiqyaslı axtarışlar aparır və müşahidə kameralarının görüntülərini araşdırır. Axtarış məlumatına əsasən, şübhəli qadının yaşı təxminən 25-30 yaş arasındadır. Onun sarışın, hörüklü, çox arıq bədən quruluşlu və boyunun təxminən 170 sm olduğu bildirilir. Onun bu hərəkətə hansı motivlə əl atdığı hələ müəyyən edilməyib.








