RU
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib
16:10
486

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İlk öncə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Arxeoloq alim qeyd edib ki, Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası hazırda Duzdağda və Naxçıvan təpədə tədqiqat işlərini davam etdirir.

Duzdağ ərazisində 2006-cı ildən başlayaraq arxeoloji qazıntıların aparıldığını deyən Vəli Baxşəliyev tədqiqatlar nəticəsində buradan Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika materiallarının, daş çəkiclərinin aşkar olunduğunu diqqətə çatdırıb. Bildirib ki, həmin tapıntılara əsasən Duzdağda duz çıxarılması işinin Mis Daş dövründən günümüzə qədər davam etdiyi müəyyənləşib. Aparılan arxeoloji tədqiqatlarla bağlı ekspedisiya üzvlərinin kitabı nəşr olunub, xarici ölkələrin müxtəlif qəzet və jurnallarında, beynəlxalq indeksli jurnallarda məqalələr çap olunub. Məqalələrdə Duzdağ mədəninin qədim tarixə malik olduğu elmi sübutlarla göstərilib.

Naxçıvan təpə yaşayış yerində aparılan tədqiqatlar barədə də məlumat verən alim bu abidənin Eneolit dövrünün erkən mərhələsinə aid olduğunu, Naxçıvan şəhərində məskunlaşmanın 8 min il bundan əvvəl başlandığı deyib. Arxeoloq yeni yaşayış yerinin tədqiqinin yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. O, aparılan tədqiqatlarla bağlı üç dildə (Azərbaycan, ingilis, rus) kitab nəşr olunduğunu diqqətə çatdırıb.

Sonra bölmənin Bioresurslar İnstitutunda çöl-tədqiqat işləri ilə bağlı aparılan tədqiqatlar barədə institutun direktoru, akademik Tariyel Talıbov çıxış edib. Alim bu elmi qurumda 2003-cü ildən muxtar respublika ərazisində bitki və heyvanlar aləminə aid materialların toplanması, faydalı bitkilərin əhatəli öyrənməsi istiqamətində ekspedisiyaların həyata keçirildiyini vurğulayıb. Tariyel Talıbov əməkdaşların tədqiqatlarla bağlı kitab və məqalələrinin nəşr olunduğunu, eyni zamanda müxtəlif mətbuat səhifələrində, ayrı-ayrı televiziya proqramlarında çıxışlar edildiyini bildirib.

Tədbirdə "Şorsu” müalicəvi palçığının hazırlığı ilə bağlı Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov məlumat verib. Alim "Şorsu” müalicəvi palçığının kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydasından bəhs edib.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat institutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəhbərlik etdiyi müəssisədə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsinin yerinə yetirilməsi ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, bu ilin aprel ayında icrası başa çatmış "Azərbaycançılıq ideologiyası işığında Naxçıvan ədəbi mühiti, folkloru, dialekt və şivələri və yer adlarının toplanması, kompleks tətbiqi və nəşri” mövzusundakı layihə ilə bağlı 30 məqalə hazırlanaraq nüfuzlu elmi jurnallarda çap edilib, mövzu ilə bağlı 400 səhifəlik kitab nəşrə hazırlanıb.

İclasda, həmçinin Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rusiya Fundamental Tədqiqatlar Fondunun birlikdə keçirdiyi beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş bölmənin Batabat Astrofizika Rəsədxanasının layihəsi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, "Gunəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmuddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” adlı qrant layihəsinin yerinə yetirilməsində Batabat Astrofizika Rəsədxanasınin əməkdaşları ilə birlikdə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Rusiya Elmlər Akademiyasının Yer maqnetizmi, İonosfera və Radiodalğaların yayılması İnstitutunun alimləri də iştirak edəcək. Layihənin 2 il müddətində yerinə yetirilməsi nəzərdə tutulub.

Sonda bir sıra cari məsələlərə baxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ