RU
Laçın-Xankəndi yolunda buraxılış məntəqəsi: qətiyyətli və ardıcıl siyasətin növbəti təntənəsi
13:14
107

Laçın-Xankəndi yolunda buraxılış məntəqəsi: qətiyyətli və ardıcıl siyasətin növbəti təntənəsi

2023-cü il 23 aprel tarixi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Həmin gün Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan dövlət sərhədində buraxılış məntəqəsinin qurulması ölkənin suveren hüquqlarının bərpası istiqamətində atılan prinsipial addım oldu. Bu qərar yalnız texniki və inzibati tədbir deyil, həm də dövlət iradəsinin, siyasi qətiyyətin və milli maraqların qorunmasının bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sərhəd nəzarətinin təmin olunması hər bir suveren dövlətin ayrılmaz hüququdur. Laçın yolu üzərində buraxılış məntəqəsinin yaradılması bu hüququn praktik həyata keçirilməsi deməkdir. Uzun illər ərzində regionda mövcud olmuş qeyri-müəyyənlik və nəzarətsiz hərəkət imkanları artıq tarixə qovuşdu. Yeni reallıq Azərbaycanın öz sərhədlərinə tam nəzarət etdiyini açıq şəkildə nümayiş etdirdi.
Bu addımın arxasında duran siyasi iradə isə birbaşa ölkə rəhbərliyinin prinsipial mövqeyi ilə bağlıdır. İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan təkcə hərbi sahədə deyil, diplomatik və hüquqi müstəvidə də üstün mövqeyini möhkəmləndirib. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması bu strategiyanın məntiqi davamı kimi çıxış edir.
Qərarın əhəmiyyəti təkcə təhlükəsizlik aspekti ilə məhdudlaşmır. Bu addım regionda qanunsuz fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması və sabitliyin möhkəmləndirilməsi baxımından da mühüm rol oynayır. Eyni zamanda, bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin gücləndirilməsi və gələcək sülh prosesləri üçün daha sağlam zəmin yaradılması deməkdir.
Laçın yolunda qurulan buraxılış məntəqəsi bir daha sübut etdi ki, Azərbaycan dövlətçiliyi öz suverenliyini qorumaq və möhkəmləndirmək istiqamətində geri addım atmır. Bu qərar tarixə qətiyyətin, siyasi iradənin və milli maraqlara sadiqliyin nümunəsi kimi yazıldı.

Səbuhi Abbasov
QHT sədri, internet-media ekspert

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ