7NEWS.az xəbər verir ki, bu sözləri Milli Məslisdə çıxışında millət vəkili Elçin Mirzəbəyli deyib: "Mövcud qanun layihəsi, ilk baxışdan, miqrasiya sahəsini əhatə etsə də, əslində, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Təklif olunan dəyişikliyə əsasən, aqroparkların rezidentlərinə, habelə həmin rezidentlər tərəfindən əmək fəaliyyətinə cəlb edilən aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə, müvafiq sahələr üzrə təcrübəyə malik olduqları halda, iş icazəsinin alınması tələb olunmayacaq.
Bu yanaşma onu göstərir ki, ölkəmizdə aqrar sektorun genişləndirilməsi və müasir texnologiyaların tətbiqi üçün sadalanan ixtisaslar üzrə əlavə mütəxəssislərə ehtiyac var.
Dəyişikliyin beş il müddətində tətbiqinin nəzərdə tutulması isə onun müvəqqəti və konkret hədəflərə hesablanmış tədbir olduğunu göstərir. Çox güman ki, bu keçici tədbir müvafiq Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində həyata keçirilən tədbirlərə dəstək xarakteri daşıyır.
Məlumdur ki, müasir dünyada ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilib. Bu baxımdan, təklif olunan dəyişiklikləri dəstəkləməklə yanaşı, bu dəyikliklərin gündəmə gətirdiyi bir sıra mühüm məsələlərə yönəltmək istəyirəm.
Məlum olduğu kimi, ölkəmizdə aqrar sahə üzrə ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi Azərbaycan Dövlət Aqrar Universitetidir. Bununla yanaşı, daha altı universitetdə aqrar sahəyə aid ixtisaslar tədris olunur. Aqrar Universitetin nəzdində Gəncə Dövlət Aqrar Kolleci, Lənkəran Dövlət Universitetinin nəzdində isə Sosial və Aqrar-Texnoloji Kollec fəaliyyət göstərir.
Bundan başqa, bir sıra rayon və şəhərlərdə fəaliyyət göstərən peşə təhsili müəssisələrində də aqrar sahə üzrə müxtəlif ixtisaslar tədris olunur, təlimlər keçirilir.
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramlarında da aqrar sahə üzrə ixtisaslar prioritet istiqamətlər sırasında yer alır.
İndi isə gəlin, mövcud vəziyyətə bir qədər fərqli prizmadan nəzər salaq.
"Məzunların məşğulluq reytinqi”nə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetindən 2018-2023-cü illərdə 5648 nəfər məzun olub. Onlardan 2468 nəfəri, yəni 43,3 faizi hələ də işlə təmin olunmayıb. Bu, kifayət qədər düşündürücü göstəricidir. İşlə təmin olunanların bir hissəsi də fərdi təsərrüfatla məşğul olan şəxslərdir.
Hər il sadaladığım universitetləri, kollecləri və peşə təhsili müəssisələrini minlərlə gənc bitirir. Xarici ölkələrdə dövlət proqramları çərçivəsində aqrar sahə üzrə təhsil alan məzunlarımız da ölkəyə qayıdırlar. Əlbəttə, diplomun mövcudluğu özlüyündə mütəxəssis hazırlığının keyfiyyətinə və əmək bazarının tələblərinə uyğunluğuna tam təminat vermir. Lakin bu qədər məzunun olduğu və onların bir hissəsinin məşğulluq problemi yaşadığı şəraitdə xarici mütəxəssislərin cəlb edilməsinə ehtiyac duyulması müəyyən suallar doğurur.
Əgər ölkəmizdə aqrar sahə üzrə diplomlu, lakin iş axtaran məzunların sayı bu qədərdirsə və eyni zamanda aqroparkların ehtiyaclarını ödəmək üçün xaricdən mütəxəssis cəlb edilməsinə xüsusi hüquqi şərait yaradılırsa, deməli, qarşımızda cavab tapmalı olduğumuz iki mühüm sual dayanır:
Əmək bazarının real tələbatı ilə kadr hazırlığı arasında uyğunsuzluq nə qədərdir və müvafiq ixtisaslar üzrə təhsilin keyfiyyəti müasir aqrar sektorun tələblərinə nə qədər cavab verir?
Dövlətimiz gənclərin təhsilinə, müvafiq ixtisaslar üzrə mütəxəssis kimi yetişməsinə külli miqdarda vəsait sərf edir. Əgər bütün bunlara baxmayaraq, aqrar sektorun ehtiyaclarını ödəmək üçün yenə də xarici mütəxəssislərə müraciət etmək zərurəti yaranırsa, deməli, məsələyə kompleks yanaşmaq lazımdır.
İlk növbədə, aqroparkların və digər kənd təsərrüfatı müəssisələrinin real mütəxəssis ehtiyacları müəyyənləşdirilsə, mövcud yerli kadr potensialı, aqrar təhsil müəssisələrinin məzunlarının məşğulluq vəziyyəti və tədris proqramlarının əmək bazarının tələblərinə uyğunluğu da qiymətləndirilsə daha yaxşı olar.
Eyni zamanda, xarici mütəxəssislərin cəlb edilməsi imkanlarından və onlar üçün yaradılan xüsusi hüquqi şəraitdən həm də yerli mütəxəssislərin hazırlanması, müasir bilik və texnologiyaların ötürülməsi, aqrar təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə istifadə olunması da məqsədəuyğun olardı."
7NEWS.az








