RU
“İrşad Electronics” rəhbərliyi bu cinayətdə ittiham olunur: Əməkdaşın evini aldılar, şirkətin malını taladılar (VİDEO)
11:12
68

“İrşad Electronics” rəhbərliyi bu cinayətdə ittiham olunur: Əməkdaşın evini aldılar, şirkətin malını taladılar (VİDEO)


Ölkənin tanınmış elektronika mağazalar şəbəkələrindən olan "İrşad Electronics” ətrafında ciddi iddialar səslənib. Şirkətin keçmiş əməkdaşı Ruslan Hüseynov rəhbərlik tərəfindən ona təzyiqlər və hədə-qorxular edildiyini iddia edib.

7NEWS.az xəbər verir ki, Ruslan Hüseynovun sözlərinə görə, o, şirkətin maliyyə departamentinin rəhbərinin otağına aparılıb və burada idarə heyətinin üzvləri tərəfindən sorğu-suala tutulub:
"Orada şirkət idarə heyətinin üzvləri hamısı birləşib məni sorğu-sual, hədə-qorxu əsasında, necə desək, nələrisə mənim boynuma qoymağa çalışırdılar”.

R.Hüseynov bildirib ki, 2025-ci ilin mart ayında Abdülkərimli Mehrap adlı müştəri ilə tanış olub və onunla həm nağd, həm də köçürmə yolu ilə alışlar həyata keçirib. Onun sözlərinə görə, həmin şəxsin 240 min manat borcu olub.
Keçmiş əməkdaş qeyd edib ki, Abdülkərimli Mehrapla noyabrın 27-də görüşməli imiş, lakin görüşə az qalmış əlaqə kəsilib və zənglərə cavab verilməyib. Apardığı araşdırma nəticəsində həmin şəxsin ölkəni tərk etdiyini öyrəndiyini deyib.

R.Hüseynov məsələ barədə rəhbərliyə məlumat verdiyini, bundan sonra isə şirkət rəhbərliyi tərəfindən daim təzyiq və hədə-qorxu ilə üzləşdiyini iddia edib. O, borcun ödənilməsini tələb etdiklərini, əks halda həbs etdiriləcəyi ilə hədələndiyini bildirib.

Keçmiş əməkdaşın iddiasına görə, yaranmış təzyiqlər nəticəsində məcbur qalaraq evini qarşı tərəfin adına keçirib.

Məsələ ilə bağlı "İrşad Electronics”ə sorğu ünvanlanıb. Şirkət Ruslan Hüseynova hər hansı qanunsuz təzyiq göstərilməsi barədə iddiaları qəbul etmədiyini bildirib.

Şirkətin açıqlamasına görə, R.Hüseynovun əmək fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə daxili araşdırma aparılıb. Araşdırma zamanı şirkətə külli miqdarda maddi zərər vurulmasına dair əsaslı şübhələr yarandığından materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.

"İrşad Electronics” ev məsələsini təkzib etsə də, Ruslan Hüseynov evin şirkətin satınalma və tikinti departamentinin rəhbəri Elnur Kərimovun adına keçirildiyini göstərən sənədləri təqdim etdiyini bildirib.

Faktla bağlı araşdırmaların davam etdiyi qeyd olunur./bakutv

Qeyd: Materialda səsləndirilən iddialar tərəflərin açıqlamalarına əsaslanır. İddiaların hüquqi baxımdan təsdiq olunması müvafiq araşdırmanın nəticəsindən asılıdır.
 
 

7NEWS.az
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ