RU
Şahmat taxtasında uğura doğru: 12 yaşlı Əminənin nümunəsi
18:54
206

Şahmat taxtasında uğura doğru: 12 yaşlı Əminənin nümunəsi

7NEWS.az xəbər verir ki, Uşaqların intellektual inkişafında mühüm rol oynayan şahmat onların düşünmə qabiliyyətinin, məntiqi təfəkkürünün, diqqət və səbrinin formalaşmasına töhfə verən ən faydalı idman növlərindən biridir. Bu baxımdan, gənc istedadların üzə çıxarılması, şahmatın uşaqlar və yeniyetmələr arasında geniş təbliği, onların yarış təcrübəsinin artırılması istiqamətində fəaliyyət göstərən "Bahruz Chess Club” tərəfindən təşkil olunan şahmat yarışları xüsusi əhəmiyyət daşıyır. Bu cür turnirlər uşaqlara öz bacarıqlarını nümayiş etdirmək, rəqabət mühitində təcrübə qazanmaq və yeni uğurlara doğru irəliləmək imkanı yaradır.

Hazırda "Bahruz Chess Club” tərəfindən keçirilən yarışlarda iştirak edən gənc şahmatçılardan biri də Səbail rayon, 132-134 saylı liseyin 7-ci sinif şagirdi, 12 yaşlı Cabarlı Əminə Elçin qızıdır. Əminə indiyədək qatıldığı şahmat yarışlarında əldə etdiyi nəticələrlə diqqət çəkir və özünü perspektivli yeniyetmə şahmatçılardan biri kimi göstərir.

Belə ki, o, cari ilin may ayında keçirilən şahmat turnirində 9 oyundan 8 xal toplayaraq yüksək nəticə göstərib və 3-cü level üzrə birinci yerə layiq görülüb. Bununla yanaşı, Əminə Avstriyada təşkil olunan beynəlxalq şahmat yarışlarında da iştirak edib və uğurlu nəticələr əldə edərək beynəlxalq yarış təcrübəsi qazanıb.

Hazırda "Bahruz Chess Club”ın təşkil etdiyi yarışda mübarizəsini davam etdirən Əminənin nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd etmək lazımdır ki, şahmat sadəcə idman yarışı deyil, eyni zamanda uşaqların intellektual və şəxsiyyət kimi inkişafına xidmət edən mühüm vasitədir. Bu idman növü uşaqlara hadisələri qabaqcadan qiymətləndirməyi, düzgün qərar verməyi, uğursuzluqdan nəticə çıxarmağı və qarşıya qoyulan məqsədə səbir və əzmlə çatmağı öyrədir. Xüsusilə məktəb yaşlı uşaqların şahmatla məşğul olması onların təhsil prosesində də diqqət, analiz və məntiqi düşünmə bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər.

Yeniyetmə qızların şahmat idmanına cəlb olunması isə ayrıca əhəmiyyət daşıyır. Qızların intellektual idman növlərində fəal iştirakı onların özünəinamının artmasına, liderlik keyfiyyətlərinin formalaşmasına və müxtəlif səviyyəli yarışlarda öz potensiallarını nümayiş etdirmələrinə şərait yaradır. Əminə kimi gənc şahmatçıların uğurları digər həmyaşıdları, xüsusilə də qızlar üçün yaxşı nümunədir.

Əminənin qazandığı nəticələr göstərir ki, düzgün istiqamətləndirmə, davamlı məşq və əzmkarlıqla erkən yaşlardan böyük uğurlara doğru addımlamaq mümkündür. Arzu edirik ki, gənc şahmatçı gələcək yarışlarda da uğurlarını davam etdirsin, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etsin və Azərbaycan şahmatının yeni istedadlarından birinə çevrilsin.
 







BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ