İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı bu gün ən azı altı dəfə püskürüb.
Bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatında bildirilib.
Kül vulkanın zirvəsindən 1 km hündürlüyə qalxıb ki, bu da dəniz səviyyəsindən 4 676 m hündürlüyə bərabərdir. Püskürmələr əsasən cənub və cənub-qərb istiqamətlərində ağ və boz külün atılması ilə müşayiət olunub.
Mərkəz yaxınlıqdakı rayonların sakinlərini və turistləri kraterə yaxınlaşmamağa çağırıb, həmçinin sel axınları riski barədə xəbərdarlıq edib.








