RU
Ağrı yoxdursa, hər şey qaydasındadırmı? – Fizioterapevt Rəhimə Atəşdən vacib xəbərdarlıq
10:43
23

Ağrı yoxdursa, hər şey qaydasındadırmı? – Fizioterapevt Rəhimə Atəşdən vacib xəbərdarlıq

Ağrının olmaması hər zaman sağlamlığın və əzələ-skelet sisteminin normal vəziyyətdə olduğunun göstəricisi deyil. Bəzən insan heç bir ağrı hiss etməsə də, əzələ zəifliyi, hərəkət məhdudluğu və koordinasiya pozğunluğu kimi gizli problemlərlə qarşılaşa bilər.

Doktor-fizioterapevt Rəhimə Atəş bu məqama diqqət çəkərək bildirir ki, sağlamlıq vəziyyətini qiymətləndirərkən yalnız ağrının olub-olmamasına əsaslanmaq düzgün deyil.

Onun sözlərinə görə, insan gündəlik həyatda əvvəl rahatlıqla yerinə yetirdiyi hərəkətləri indi nə dərəcədə asanlıqla edə bildiyinə də diqqət yetirməlidir. Məsələn, pilləkən qalxarkən çətinlik çəkmək, uzun müddət ayaq üstə qalanda tez yorulmaq, tarazlığı qorumaqda çətinlik yaşamaq və ya müəyyən hərəkətlərin əvvəlkindən daha ağır gəlməsi əzələ və hərəkət sistemində yaranan problemlərin ilkin əlamətləri ola bilər.

Mütəxəssis qeyd edir ki, bu kimi dəyişikliklərə laqeyd yanaşmaq olmaz. Çünki ağrı hiss edilmədən də funksional pozğunluqlar inkişaf edə bilər. Erkən müayinə və düzgün fizioterapevtik qiymətləndirmə mümkün problemlərin vaxtında aşkarlanmasına və uyğun bərpa tədbirlərinin seçilməsinə kömək edə bilər.

Unutmayın: Sağlamlıq yalnız ağrının olmaması deyil, bədənin rahat, sərbəst və düzgün hərəkət edə bilməsidir./klinik.media


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ