RU
Mingəçevir Dövlət Universitetinin tələbəsi raket texnologiyaları üzrə innovasiya müsabiqəsinin finalçıları sırasında yer alıb
19:02
18

Mingəçevir Dövlət Universitetinin tələbəsi raket texnologiyaları üzrə innovasiya müsabiqəsinin finalçıları sırasında yer alıb

Mingəçevir Dövlət Universitetinin tələbəsi Məhəmməd Muğumov Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ROKETSAN-ın Azərbaycandakı törəmə müəssisəsi "AZROKSAN” MMC-nin təşkilatçılığı ilə keçirilən "Rocket Technology Innovation Competition” (Raket Texnologiyaları üzrə İnnovasiya Müsabiqəsi) müsabiqəsində uğurlu nəticə əldə edərək ən yaxşı 7 finalçı sırasına daxil olub.
"İxtiraçılar, biz sizi axtarırıq!” şüarı altında təşkil olunan müsabiqənin əsas məqsədi raket texnologiyaları sahəsində innovativ ideyaların üzə çıxarılması, gənc ixtiraçıların mühəndislik potensialının dəstəklənməsi və onların texnoloji həllərinin nümayişinə imkan yaradılmasıdır.
Müsabiqədə Mərkəzi Aran regionunu təmsil edən ilk və yeganə iştirakçı kimi TOP 7 finalçı sırasına yüksələn Məhəmməd Muğumov raket texnologiyaları sahəsində hazırladığı mühəndislik ideyasını və innovativ dizaynını təqdim edərək bilik və bacarıqlarını nümayiş etdirib.
Əldə olunan nəticə tələbənin fərdi uğuru olmaqla yanaşı, region gənclərinin yüksək texnologiyalar, mühəndislik və innovasiya sahələrində artan potensialının göstəricisi kimi də xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin yaradıcı və innovativ təşəbbüslərinin dəstəklənməsi, mühəndislik təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərin praktiki tətbiq imkanlarının genişləndirilməsi və gənclərin elmi-texnoloji müsabiqələrdə iştirakının təşviqi prioritet istiqamətlərdəndir.
Mingəçevir Dövlət Universitetinin tələbəsinin uğuru MDU-da formalaşan innovasiya və mühəndislik mühitinin, eləcə də region gənclərinin texnoloji inkişaf proseslərində fəal iştirak potensialının növbəti nümunəsidir.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ