Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Çexiya nümayəndəliyi 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə beynəlxalq tədbir təşkil edib.
Tədbirdə Çexiya, Polşa, Tacikistan, Meksika və Myanmadan olan gənclər iştirak edib, çıxışlar edərək Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünün bərpası və milli dövlətçilik ənənələri haqqında fikirlərini bölüşüblər.
Tədbirdən öncə Vətən uğrunda canından keçən Şəhidlərimizi ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə ASGA-nın Çexiya nümayəndəliyinin rəhbəri, Çexiya Texniki Universitetinin (ČVUT) Masaryk Qabaqcıl Tədqiqatlar İnstitutunun tələbəsi Onur Novruzov açıb. O, çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu vurğulayıb: "Zəfər Günü Azərbaycan xalqının birliyinin, iradəsinin və qəhrəmanlığının təntənəsidir. Bu tarixi Qələbə xalqımızın uzun illər davam edən ədalət və torpaq həsrətinə son qoyaraq milli qürurumuzu daha da yüksəldib. Dövlət Bayrağı Gününü qeyd etməyimiz isə müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımıza olan sonsuz sevgimizin ifadəsidir. Başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olmaqla rəşadətli ordumuz birliyimizi təmin etdi”.
Digər ölkələrdən olan gənclər də çıxışlarında Azərbaycanın qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıb, xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və beynəlxalq gənclər əməkdaşlığının vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində Azərbaycan xalqının Zəfər tarixinə, Vətən müharibəsində göstərilən qəhrəmanlığa və milli birliyə həsr olunmuş fikirlər səsləndirilib.
Sonda Zəfər Gününə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
















