Siyasət səhnəsində öz şəxsi ambisiyalarını və dağıdıcı maraqlarını hər şeydən, o cümlədən dövlət mənafeyindən üstün tutan ünsürlərin əsl siması həmişə zamanın süzgəcindən keçərək üzə çıxır və bu gün Azərbaycan cəmiyyətinin qarşısında tam çılpaqlığı ilə boy göstərən növbəti xəyanət mənzərəsi bunun inkaredilməz sübutudur.
Ölkə daxilində milli maraqlara zidd mövqeyi, dövlətçilik təməllərinə qarşı yönəlmiş səriştəsiz və destruktiv fəaliyyəti ilə tanınan Əli Kərimlinin xaricdəki qaranlıq mərkəzlər, xüsusilə də erməni lobbisi ilə sıx tellərlə bağlı olan dairələr tərəfindən "mükafatlandırılması" heç də təsadüfi xarakter daşımır, əksinə, illərdir aparılan anti-Azərbaycan kampaniyalarının məntiqi yekunudur. Hazırkı dövrdə Azərbaycanın qazandığı tarixi Zəfərləri həzm edə bilməyən, ölkəmizin güclənməsindən narahat olan xarici qüvvələrin məhz Əli Kərimli kimi marginal fiqurları qucaqlaması, onların kimə və nəyə xidmət etdiyini bir daha açıq-aydın nümayiş etdirir. Öz dar siyasi maraqları naminə hər cür çirkin vasitələrə əl atan, xaricdəki anti-azərbaycançı qruplaşmaların və ermənipərəst lobbi nümayəndələrinin qapılarını döyərək yardım dilənənlərin əldə etdikləri hər hansı "mükafat" yalnız və yalnız milli sədaqətsizliyin və xəyanətin qiymətindən başqa bir şey deyil.
Tarixə nəzər salsaq, bu dairələrin Azərbaycanın əleyhinə yönəlmiş addımlarının heç vaxt səngimədiyini, əksinə, daxildəki radikal ünsürlərlə xaricdəki ermənipərəst qüvvələr arasındakı çirkin ittifaqın həmişə mövcud olduğunu görərik. Əli Kərimlinin ətrafının və ailə üzvlərinin illərdir Azərbaycanın haqq səsini boğmağa çalışan, Qarabağın işğalı dövründə belə ermənilərə açıq dəstək verən şübhəli Qərb fiqurları ilə qapı-qapı gəzərək dəstək dilənməsi, onların milli maraqları necə rahatlıqla pula və dəstəyə dəyişdiklərinin bariz nümunəsidir. İndi isə həmin bu ermənipərəst mərkəzlərin Əli Kərimliyə "mükafat" verməsi məhz Azərbaycana qarşı göstərdiyi "xidmətlərin" növbəti təşəkkürnaməsidir. Bu, sadəcə siyasi mükafatlandırma deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinə, xalqımızın qan yaddaşına və əldə olunan tarixi qələbələrə qarşı açıq-aşkar quduzlaşmış bir hikkənin ifadəsidir.
Bu cür səhnəcikləri təşkil edənlər və onlardan alət kimi istifadə olunanlar yaxşı bilməlidirlər ki, Azərbaycan xalqı hər şeyi görür, qiymətləndirir və heç bir xəyanəti unutmur. Xaricdəki erməni lobbisinin dəyirmanına su tökən, ölkəmizin əleyhinə işləyən şəbəkələrlə birgə hərəkət edən hər kəs xalqın gözündə birdəfəlik məhkum olunub! Əli Kərimliyə və onun kimi milli maraqları ayaqlar altına atanlara qucaq açan, onları "mükafatlandıranlar" əslində öz sifətlərini - ermənipərəst və islamofob mahiyyətlərini bir daha bütün dünyaya göstərirlər. Ancaq nə xarici havadarların uydurma mükafatları, nə də daxildəki radikal ünsürlərin çırpıntıları Azərbaycanın parlaq gələcəyinə və inkişaf yoluna kölgə sala bilməz, əksinə, bu cür bədnam təltiflər xainləri və onların arxasında duran qüvvələri cəmiyyət qarşısında bir daha rüsvay edir və onların əsl mahiyyətini qətiyyətlə ifşa edir.
Kamran Bayramov
Milli Məclisin deputatı








