2020 - ci il, 27 sentyabr tarixində başlanan Vətən Müharibəsi Azərbaycanın, azərbaycanlıların əzmini, iradəsini, milli birliyini bütün dünyaya yenidən göstərdi, nümayiş etdirdi və işğal altında olan torpaqlarımız tarixi Zəfər nəticəsində öz azadlığına qovuşdu.
Biz həm dövlət, həm millət olaraq hər kəsə sübut etdik ki, səbrimizin sərhədləri var, belə davam edə bilməz, sona qədər bu vəziyyətlə barışa bilmərik. Və barışmadıq! Ali Baş Komandan, cəsarətli, müdrik Liderimiz İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz 44 gün ərzində xariqələr yaratdı, böyük qəhrəmanlıq nümunələri göstərdi və düşməni təslim olmağa, "ağ bayraq" qaldırmağa, öz məğlubiyyəti ilə barışmağa məcbur etdi.
Yaxşı bəs, biz bu mərhələyə necə gəlib çatdıq? Bu möhtəşəm Zəfəri necə əldə etdik? Əlbət ki, təməli Ulu Öndər tərəfindən qoyulan Azərbaycançılıq, dövlətçilik ideologiyasına sadiqliyimizlə! Tamlığımızla! Bütövlüyümüzlə! İqtidar - xalq birliyi ilə! İlham Əliyev kimi ləyaqətli, cəsur Liderin ətrafında sıx birləşməyimizlə!
Artıq məlum Zəfərdən 6 il ötür.
Biz, zaman keçdikcə yaddaşımızı yenidən təzələyirik və yaşadığımız hər ay, hər həftə, hər gün, hər an etibarilə həmin Zəfərin dəyərini, qiymətini, onun hansı miqyasda, nə qədər böyük, nəhəng masştabda olduğunu daha dərindən dərk edirik.
Tanrı bu Qələbələri, bu xoşbəxtliyi, bu sevinci Azərbaycan xalqına çox görməsin!
Tanrı Ali Baş Komandanımızı, Xilaskarımızı, dəyərli Prezidentimizi qorusun!
Tanrı müqəddəs şəhidlərimizə qəni - qəni rəhmət eləsin və igid qazilərimizə can sağlığı versin!
Qarşıdan gələn Zəfər günü münasibətilə hər kəsi ürəkdən təbrik edirik!
Azərbaycan Demokratik Maarifçilik Partiyası








