Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanmasının 2031-ci ilə qədər uzana biləcəyi barədəki son bəyanatı İrəvanın regionda yekun sülhün bərqərar olunmasında maraqlı olmadığını bir daha sübut edir. Süni şəkildə vaxt uzatmağa hesablanmış bu cür bəyanatlar diplomatik prosesi sürətləndirmək əvəzinə, onu qeyri-müəyyən gələcəyə doğru sürükləmək cəhdidir. Halbuki buna qədər Ermənistan rəhbərliyi ictimaiyyəti inandırmağa çalışırdı ki, məhz növbədənkənar parlament seçkiləri sülh sənədinin imzalanmasını sürətləndirəcək ana faktordur. Seçkilər baş tutdu, hakim "Vətəndaş Müqaviləsi” partiyası qələbə qazanaraq sülh gündəliyini reallaşdırmaq üçün mandat əldə etdi.
Lakin seçkiqabağı vədlərin əksinə olaraq, İrəvan konkret addımlar atmaq və Bakı ilə yekun razılaşmaya gəlmək əvəzinə, sülhün üfüqlərini 2031-ci ilə qədər kənara çəkən bəhanələr səsləndirməyə başladı. Əgər sülh Ermənistan üçün həqiqətən də prioritet məsələdirsə, hansı məntiqlə onun əldə olunması təxirə salınır? Bu davranış bir daha göstərir ki, rəsmi İrəvan sadəcə zaman qazanmaq və siyasi manevrlər üçün imkan saxlamaq niyyətindədir. Azərbaycan üçün isə yayındırıcı bəyanatlar yox, konkret icra mexanizmlərinin işə salınması, əldə olunmuş razılaşmalara əməl olunması və açıq qalan sualların dərhal həll edilməsi vacibdir. Əks halda, danışıqlar prosesi sonu görünməyən, nəticəsiz bir dövrəyə çevriləcək.
Bununla yanaşı, dayanıqlı sülhün önündə duran başlıca əngəl Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarıdır. İrəvan ərazi iddialarından imtina etdiyini şifahi şəkildə bildirsə də, konstitusiya səviyyəsində bu iddianın qalması Azərbaycanı haqlı olaraq narahat edir. Ermənistan bu ziddiyyəti aradan qaldırmadan və ərazi iddialarından çəkinməyə tam təminat vermədən, sülh arzuları barədə verilən bəyanatlar heç bir inandırıcı mahiyyət daşımır.
Ötən il Vaşinqtonda sülh müqaviləsi layihəsinin paraflanmasından və əhəmiyyətli irəliləyişdən sonra İrəvandan daha cəsarətli və sürətli addımlar gözlənilirdi. Lakin Paşinyanın 2031-ci il xatırlatması göstərir ki, Ermənistan tərəfi hətta ən yüksək səviyyəli razılaşmaları belə yerinə yetirməkdə maraqlı deyil və prosesi uzatmağa çalışır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilmiş 7-ci Sammitində vurğuladığı faktlar regiondakı real mənzərəni dəqiq əks etdirir. Dövlətimizin başçısı xatırlatdı ki, Azərbaycan 2020-ci il Vətən müharibəsində 300-dən çox şəhər və kəndi işğaldan azad edərək hərbi yolla tarixi ədaləti bərpa etdi. Ondan sonrakı üç il ərzində Bakı suverenliyini sülh yolu ilə tam bərpa etməyə çalışsa da, İrəvan atəşkəs rejimindən hərbi potensialını bərpa etmək üçün istifadə etdi və yeni havadarlarının dəstəyi ilə yenidən Azərbaycana qarşı təxribatlara əl atdı.
Bu xronologiya aydın şəkildə göstərir ki, Ermənistan rəhbərliyi heç vaxt öz xoşu ilə işğala son qoymaq istəməyib və son anadək torpaqlarımızı nəzarətdə saxlamağa çalışıb. Məhz bu səbəbdən, Paşinyanın sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilə qədər vaxt tələb oluna biləcəyi haqqındakı tezisi İrəvanın xoş məramına olan şübhələri daha da artırır. Buna görə də Ermənistan vaxtı uzatmaq əvəzinə, üzərinə götürdüyü öhdəliklərin ləngimədən yerinə yetirilməsi və yekun sülhün təmin edilməsi üçün real addımlar atmalıdır.
Kamran Bayramov
Milli Məclisin deputatı








