RU
Azərbaycan Avropanın yeni siyasi arxitekturasında mövqeyini möhkəmləndirir
15:45
14

Azərbaycan Avropanın yeni siyasi arxitekturasında mövqeyini möhkəmləndirir

Azərbaycan 2023-cü ildə Suverenliyini tam bərpa etdikdən sonra istər Cənubi Qafqazda, istərsə də bütün dünyanın siyasi arxitekturasında tamam yeni bir reallıq ortaya qoydu. Bu eyni zamanda Azərbaycanın dünyanın çətin vaxtında çoxvektorlu xarici siyasətini həyata keçirməsinə şərait yaratmış oldu.

Bu konteksdə Azərbaycan BMT başda olmaqla, bütün beynəlxalq təşkilatların qərarlarının icrasını yerinə yetirməklə yanaşı, dünyada sülh və əmin-amanlığın qorunması istiqamətində öz təklifləri ilə çıxış edir və töhfə verir.

Həmin beynəlxalq platformalardan biri son illərdə Avropa qitəsi üçün öz əhəmiyyəti ilə seçilən Avropa Siyasi Birliyi toplantılarıdır. Avropa Siyasi Birliyinin yaradılması ideyası hələ 2022-ci ildə irəli sürmüşdü. Təklifin mahiyyəti Avropa İttifaqının sərhədlərindən kənara çıxan, qitənin bütün dövlətlərini siyasi dialoq, təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq ətrafında birləşdirən yeni platforma yaratmaq idi. Burada əsas məqsəd Avropanın siyasi inteqrasiyasına yeni məzmun vermək, Avropa İttifaqına daxil olmayan ölkələri də ümumi siyasi müzakirələrə cəlb etmək idi.

Bu gün Avropada müşahidə olunan mövcud gərgin siyasi mənzərə onu deməyə əsas verir ki, indi Avropa elə bir mərhələdədir ki, onun siyasi gələcəyini bir nəfərin, yaxud bir dövlətin ambisiyaları ilə məhdudlaşdırmaq olmaz. Qitənin yeni siyasi arxitekturası müxtəlif dövlətlərin maraqlarının və imkanlarının uzlaşdırılmasını tələb edir.

Təsadüfi deyil ki, İrlandiyanın paytaxtı Dublin şəhərində artıq Avropa Siyasi Birliyinin 9-cu Sammitinin keçirilməkdədir. Qitənin 50-dən artıq dövlət və hökumət başçısının dəvət olunduğu bu görüş Avropanın təhlükəsizlik, enerji, iqtisadi rəqabət və siyasi gələcəyi ilə bağlı müzakirələr baxımından olduqca əhəmiyyətlidir.

Azərbaycan Avropa Siyasi Birliyinin ilk sammitindən etibarən bu platformada fəal iştirak edən ölkədir. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk sammitdə iştirak edib. Məhz həmin Sammitdə Ermənistan Baş Naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşdən sonra Azərbaycanın əldə etdiyi zəfəri və ərazi bütövlüyünü tanıdığını elan etmişdi.

Sonrakı toplantılarda da Azərbaycan Prezidenti Avropanın siyasi rəhbərliyi ilə təmaslar qurub, ölkəmizin mövqeyini ifadə edib və regional məsələlərlə bağlı müzakirələrə qatılıb. Bu iştirakın Avropa üçün əhəmiyyəti bir neçə konkret istiqamətdə özünü göstərir. Birincisi, enerji təhlükəsizliyidir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təchizatının şaxələndirilməsi strateji məsələyə çevrilib. Azərbaycan bu istiqamətdə Avropanın enerji tərəfdaşlarından biridir. Cənub Qaz Dəhlizi və Avropaya qaz tədarükü ölkəmizin iqtisadi münasibətlərini siyasi-strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. İkincisi, 08 avqust 2025-ci il tarixində ABŞ-nin paytaxtı Vaşinqton şəhərində imzalanmış tarixi Bəyannamədən irəli gələrək "Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu”nun fəaliyyətə başlaması ilə bağlı anlaşmanın qəbul olunması, Şərq-Qərb nəqliyyat dəhlizi, Orta Dəhliz və Azərbaycanın tranzit imkanları Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin qurulmasında ölkəmizin rolunu artırır.

İndiki reallıqda Avropa üçün yalnız enerji mənbələrinin deyil, həm də alternativ nəqliyyat marşrutlarının və etibarlı təchizat zəncirlərinin mövcudluğu vacibdir. Üçüncüsü, Cənubi Qafqazda uzun illər davam edən münaqişədən sonra yeni münasibətlər sisteminin formalaşması Azərbaycanın beynəlxalq müzakirələrdəki mövqeyini daha da aktuallaşdırıb.

Regionda davamlı sülhün təmin edilməsi, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi Avropanın da maraqlarına uyğundur. Bu amillər Azərbaycanın Avropa üçün əhəmiyyətini yalnız enerji ixrac edən ölkə statusundan daha geniş müstəviyə çıxarır. Bakı artıq Avropa ilə Asiyanın siyasi, iqtisadi və nəqliyyat maraqlarının kəsişdiyi mühüm məkanlardan biri kimi çıxış edir.

 

Bu baxımdan, Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli strateji tərəfdaş sayılır. Məhz bunun məntiqi nəticəsidir ki, 2028-ci ildə bu Avropa Siyasi Birliynin növbəti toplantısının Azərbaycanda kleçirilməsi planlaşdırılır.

Qeyd edim ki, cari ilin may ayında Yerevanda Avropa Siyasi Birliyinin keçirilən 8-ci Zirvə toplantısına Azərbaycan Prezidentinin videobağlantı formatında qoşularaq mühüm məqamları diqqətə çatdırması, habelə 2028-ci ildə növbəti Sammitin Bakə şəhərində keçirilməsinə Ermənistanın da dəstək olduğunu vurğulaması həm regionda artıq sülh və təhlükəsizliyin bərpa olunduğunu, həm də Avropa ilə yüksək səviyyəli münasibətlərə verilən dəyəri ortaya qoydu.

İrlandiyada keçirilən Sammit çərçivəsində Prezident İlham Əliyevin yüksək səviyyədə qəbul olunması, Avropa İttifaqı Şurasının Prezidenti, eləcə də Böyük Britaniya, Moldova, Bolqarıstan, Ukrayna, Yunanıstan, Çexiya, Rumıniya, Litva və Ermənistan liderləri ilə görüşlər keçirməsi  Azərbaycana olan diqqətinin bilavasitə ifadəsidir.

Bu gün siyasi reallıq ondan ibarətdir ki, Avropanın təhlükəsizliyinin təmin olunması artıq bir neçə güc mərkəzlərinin qərarları ilə tənzimlənmir. Burada yeni tərəfdaşların iştirakının, siyasi dialoqların qurulmasının zərurəti ortadadır. Beləliklə, Azərbaycanın Dublin Sammitində diqqət mərkəzində olacağını və gələcək proseslərdə xüsusi rol oynayacağını əminliklə demək olar. Ölkəmizin bu ardıcıl siyasəti nəticəsində 2028-ci ildə keçiriləcək Sammitdə Avropanın yeni siyasi arxitekturası və təhlükəsizliyinin təmin olunması istiqamətində yekun sənədlərin imzalanacağı ehtimalı yüksəkdir.

 

 

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ