Saytımıza müraciət edən vətəndaş bildirib ki, sentyabrın 21-də "Rahat Market”dən kiloqramını 30 manata aldığı şokoladlı şirniyyat məhsulunun içindən canlı qurd çıxıb.
Vətəndaşın sözlərinə görə, evdə məhsulun qablaşdırmasını açarkən şokoladın içərisində hərəkət edən qurd görüb. O, həmin anları telefonla videoya çəkib.
Vətəndaş məhsulun son istifadə tarixinin keçmiş ola biləcəyini və belə məhsulların satışa çıxarılmasının ciddi təhlükə yarada biləcəyini bildirib.
"Bunu mən görməsəydim, uşağım açıb yesəydi, nə olacaqdı? İnsan mağazaya güvənib məhsul alır. Amma belə bir mənzərə ilə qarşılaşır. Vaxtı keçmiş konfetləri satışa qoyurlar”, – deyə vətəndaş bildirib.
Qeyd edək ki, məhsulun son istifadə tarixinin keçib-keçmədiyini və qurdun məhsula hansı səbəbdən düşdüyünü yalnız təqdim olunan görüntülər əsasında müəyyən etmək mümkün deyil.
Bununla belə, şikayətçinin təqdim etdiyi görüntülər qida məhsulunun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı suallar yaradır. Məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması və məhsulun təhlükəsizlik tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi vacibdir./patrul
Məsələ ilə bağlı "Rahat Market”in mövqeyini dərc etməyə hazırıq.
7news.az








