Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu daha bir tenderinin nəticəsini açıqlayıb. Tribuna.az xəbər verir ki, sözügedən qurum bununla bağlı açıqlama yayıb.
Bildirilir ki, AQTİ fitosanitar monitorinqlər zamanı istifadəsi nəzərdə tutulan feromon tələ hissələrinin və müxtəlif dispenserlərin satın alınmasını reallaşdıracaq. Tenderin qalibi isə quruma yad olmayan bir şirkət olub. Belə ki, "AVAZ GROUP” MMC ilə 42 min 232 manatlıq müqavilə bağlanılıb.
Qeyd edək ki, AQTİ həmin vəsaitə Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata) üçün 300 ədəd dispenser, Amerika ağ kəpənəyi (Hyphantria cunea) üçün 1000 ədəd, Şərq meyvəyeyəni (Grapholita molesta) üçün 1000 ədəd və digərləri üçün dispenserlər alacaq.
Tribuna.az "Avaz Group”la bağlı açıq mənbələr üzərindən bəzi araşdırmalar aparıb. Məlum olub ki, "Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Mədət Sadıqovdur.
Rentry.co saytına yer almış xəbərdə isə vurğulanır ki, bu şirkət 25 yanvar 2007-ci il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilib və onun başına Qoşqar Təhməzlinin öz şirkəti olan "Medeks”dəki işçisi Mədət Sadıqov gətirlib.
Sayt daha sonra qeyd edir ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Lakin o, 2023-cü ildə vəzifəsindən azad edilib. Hazırda onun "Avaz Group”un idarəçiliyini həyata keçirdiyi deyilir.
Qarşı tərəfi dinləməyə hazırıq.








