RU
“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti
13:55
41

“Azərbaycan daşıyıcısını müflis etmək istəyirsiniz?” – TIR sürücüsünün komitə rəhbərinə müraciəti

Sürücü Qazax-Qırmızı Körpü sərhəd-keçid məntəqəsində tez xarab olan məhsul daşımasına baxmayaraq növbədə gözləməyə məcbur edildiyini bildirərək yaranmış vəziyyətdən narazılığını ifadə edib.

Sürücü paylaşımında Dövlət Gömrük Komitəsinin sədri, general Şahin Bağırova da müraciət edərək məsələyə müdaxilə olunmasını istəyib:

"Mən hazırda saat 02:26-da Qazax-Qırmızı Körpü sərhəd-keçid məntəqəsindəyəm. Nəqliyyat vasitəmdə tez xarab olan, 3 faizli süd məhsulu daşınır və yükün möhürü də yerindədir. Məhsulun Gürcüstana çatdırılması üçün son tarix 28 noyabr 2026-cı ildir. Lakin burada yükün növbəsini gözləməli olduğumuz bildirilir.

Cənab general, mən bu yükü noyabrın 28-dək Gürcüstana çatdırmasam, məcburən nəqliyyat vasitəmi yükləndiyi ünvana, yəni Moskvaya geri qaytarmalı olacağam. Çünki Gürcüstan tərəfi sertifikatın müddəti bitdikdən sonra bu məhsulu qəbul etməyəcək. Sənədlərimdə yükün tez xarab olan məhsul olduğu açıq şəkildə göstərildiyi halda niyə idarə rəisini, post rəisini gözləməliyəm? Bu necə sistemdir?”

Məsələ ilə bağlı AZXEBER.COM Dövlət Gömrük Komitəsinə müraciət edib. Qurum tərəfindən redaksiyaya sürücünün Tovuz Gömrük İdarəsinin rəisi Firdovsi Əbilovla görüşündən sonra çəkdiyi ikinci video təqdim olunub.

Sürücü paylaşımında Tovuz Gömrük İdarəsinin rəisi Firdovsi Əbilovun əraziyə gəldiyini və onunla görüş keçirildiyini açıqlayıb:

"Bu məsələ ilə bağlı idarə rəisi Firdovsi Əbilov şəxsən əraziyə gəldi. Post rəisinin və digər nümayəndələrin iştirakı ilə şikayətimi bildirdim. Qeyd etdim ki, Azərbaycan nəqliyyat vasitələri müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda və Rusiyada sıxışdırılır, uzun müddət növbələrdə saxlanılır. Halbuki həmin ölkələrin nəqliyyat vasitələri daha sürətli şəkildə hərəkət edir. Tələbim ondan ibarətdir ki, Azərbaycan avtomobilləri üçün də digər ölkələrin nəqliyyat vasitələri ilə bərabər şərait yaradılsın. Firdovsi müəllimin bu məsələ ilə bağlı müəyyən tədbirlər görəcəyinə və problemin Baş İdarəyə çatdırılacağına ümid edirəm.
Bir daha Dövlət Gömrük Komitəsinin sədri, general Şahin Bağırova müraciət edərək xahiş edirəm ki, Azərbaycan nəqliyyat vasitələrinin ölkədən çıxışının sürətləndirilməsi üçün müvafiq şərait yaradılsın”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ