İyunun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Səyavuş Heydərovun rəhbərliyi ilə Brüsseldə səfərdə olan dini konfessiya
təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti Avropa İttifaqının
(Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard
ilə görüşüb.
Görüş zamanı J.K Belliard Azərbaycanın mədəni zənginliyi haqqında
danışıb və bildirib ki, Azərbaycan mədəni müxtəlifliyin idarə edilməsi
sahəsində həm müsəlman dünyasına, həm də Qərb dünyasına nümunədir. Daha
sonra Cənubi Qafqazda gedən proseslərdən danışaraq qeyd edib ki, ölkədə
sabitliyin təmin edilməsi, bu sahədə əməli addımların atılması
Azərbaycanı Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevirib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək bildirib ki, Azərbaycan
regionda sülhün tam şəkildə bərqərar olmasının tərəfdırıdır. Lakin
işğalçı Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar
və qətnamələrə məhəl qoymadan işğalı davam etdirir və regionda sülhə
təhdid yaradır.
Dini konfessiya nümayəndələri çıxış edərək işğal olunmuş Azərbaycan
ərazilərində mövcud olan tarixi-dini abidələrin Ermənistan tərəfindən
dağıdılması, təhqir edilməsi və erməniləşdirilməsini xüsusi vurğulayaraq
qeyd ediblər ki, Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət
tərəfindən qorunub saxlanılır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu həllində dini liderlərin roluna toxunan Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi 2017-ci ildə QMİ-nin sədri
Şeyxülislam Allahşükür Paşazadənin Moskvada Erməni Qriqoryan Kilsəsinin
rəhbəri ilə görüşünü xatırladıb və diqqətə çatdırıb ki, bu günə qədər
belə təşəbbüslər ancaq Azərbaycanın dini lideri tərəfindən irəli
sürülüb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səyavuş Heydərov DQİDK tərəfindən
ingilis dilində nəşr edilmiş "Azərbaycan multikulturalizmi dünyanın gözü
ilə”, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin
müəllifi olduğu "Azərbaycanda Yəhudilərin həyatı” adlı kitabları və
Dövlət Komitəsi tərəfindən hazırlanmış (ingilis dilində alt yazı ilə)
"Fitnə” filmini J.K Belliarda təqdim edib.
Daha sonra Şərqi Stratkom İşçi Qrupunun nümayəndəsi Jakob Kalenskinin
təqdimatı ilə "Dezinformasiya və onun nəticələri” mövzusunda seminar
keçirilib. Təqdimat zamanı kütləvi informasiya vasitələri və sosial
şəbəkələrin siyasi iradənin idarəedilməsinə təsirlərinə toxunan
J.Kalenski bildirib ki, dezinformasiya vasitəsilə müxtəlif dinlər və
mədəniyyətlər arasında qarşıdurma yaratmaq nümunələri mövcuddur. Seminar
müzakirələrlə davam edib.
İyunun 28-də Azərbaycan nümayəndə heyəti, həmçinin, Avropa
Komissiyasının Beynəlxalq Əməkdaşlıq və İnkişaf Departamentinin İnsan
Hüquqları bölməsinin rəhbəri xanım Mersedes Qrasiya Perezlə görüşüb.
Azərbaycanda dini etiqad azadlığının tam təmin olduğunu vurğulayan
DQİDK-nın nümayəndəsi Rəfi Qurbanov bildirib ki, Azərbaycanda fəaliyyət
göstərən müxtəlif dini konfessiya üzvlərinin nümayəndə heyətinin
tərkibində təmsil olunması bunun bariz nümunəsidir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2018-ci ilin
11 iyun tarixli Sərəncamla Prezidentin Ehtiyat Fondundan 1,8 milyon
manat maliyyə yardımının ayrıldığını diqqətə çatdıran R.Qurbanov əlavə
edib ki, həmin maliyyə yardımları dini icmaların maddi texniki bazasının
yaxşılaşdırılmasına, eləcə də dini tolerantlığın gücləndirilməsi, dini
radikalizmlə mübarizə istiqamətində icmalar tərəfindən həyata keçirilən
maarifləndirici layihələrin icrasına sərf edilir.
Səfər proqramına əsasən Aİ-nın Xarici Siyasəti Xidmətinin təşkil etdiyi
"Radikalizmə mübarizə” mövzusunda keçirilən dəyirmi masada R.Qurbanov
DQİDK tərəfindən ölkəmizdə dini radikalizmlə mübarizə sahəsində həyata
keçirilən maarifləndirici tədbirlər haqqında məlumat verib və qeyd edib
ki, hər il keçirilən maariflədirici tədbirlərə minlərlə gənc cəlb
olunur.
Sonda DQİDK tərəfindən nəşr edilmiş "Azərbaycan multikulturalizmi
dünyanın gözü ilə”, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri
Milix Yevdayevin müəllifi olduğu "Azərbaycanda Yəhudilərin həyatı” adlı
kitablar və Dövlət Komitəsi tərəfindən hazırlanmış (İngilis dilində alt
yazı ilə) "Fitnə” filmi Aİ-nın Xarici Siyasət Xidmətinin nümayəndəsinə
təqdim edilib.








