RU
Azərbaycanda festivallar festivalı keçiriləcək - FOTO
15:42
336

Azərbaycanda festivallar festivalı keçiriləcək - FOTO

Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt” festivallar festivalı sentyabrın 30-dan oktyabrın 3-dək Bakıda keçiriləcək.

7News.Az xəbər verir ki, bu barədə bu gün Heydər Əliyev Mərkəzində festivala həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt” Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir. 

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə "LiFFt” festivallar festivalı 98 ölkə üzrə beş milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etir. 

Təşkilat Komitəsində Oljas Süleymenov, Marqarita Al, Sergey Biryukov, Nadao Sendao, Vladimir Delba, Aleksandr Ratkeviç kimi nüfuzlu ədəbiyyat xadimləri yer aldığı üçün analoji layihələr arasında ən irimiqyaslısı və maraq doğuranı hesab olunur.

2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin "LiFFt” festivallar festivalında 27 ölkədən qatılan 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. 

Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan, bu il tədbirə Bakı ev sahibliyi edəcək.

Tədbirdə çıxış edən "LiFFt”in təşkilat komitəsinin sədri Marqarita Al Bakıda keçiriləcək tədbirin festival tarixində ən parlaq səhifələrdən biri olacağına inandığını bildirib:

"Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə "Nəsimi ili” elan etməsi şərəfinə təşkilat komitəsi 4-cü Bakı festivalının da İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edilib. Bu il festival çərçivəsində ədəbiyyat forumu, dəyirmi masalar, ustad dərsləri, kitab sərgiləri və təqdimatları, poeziya gecələri kimi müxtəlif tədbirlər də keçiriləcək”.

Daha sonra çıxış edən almaniyalı fotoqraf və rəssam Aleksandr Andreyev isə festival çərçivəsində keçiriləcək sərgilər barədə məlumat verib və Avropanın əlamətdar mədəniyyət hadisələrindən sayılan "Perqamon qurbangahının ikinci həyatı” sərgisindən söz açıb.

"LiFFt” festivallar festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev çıxışında tədbirin keçirilmə qaydaları və seçim turlarının şərtlərindən danışıb:

"Bu il Bakının ev sahibliyi edəcəyi festivalda materikin 52 ölkəsindən 150 yazıçı iştirak edəcək. Seçim turlarına iyun ayından start veriləcək. Artıq iki mindən çox yazıçı iştirak etmək üçün müraciət edib.

Ev sahibliyi etdiyi üçün Bakıdan festivala 30 yazıçı qatıla biləcək. Bu il nüfuzlu dünya yazarlarından qazax yazıçısı Oljas Süleymenov, məşhur Rusiya şairi Konstantin Kedrov-Çelışev, tanınmış Fransa rejissoru və şairi Martin Dinkov, amerikalı yazar Selim Azimoviç, görkəmli İsrail dramaturqu İdo Netanyahu, tanınmış İtaliya ədibi Massimo Madrisio, avstriyalı yazıçılar Sergey Klık, Tatyana Bonç-Osmolovskaya, Belarus yazıçısı Aleksandr Ratkeviç, şeirləri türk dünyasında dillər əzbəri olan Serhat Kabaklı, Monqolustan şairi, Dünya poeziyası almanaxının rəhbəri, Ümumdünya Sülh mükafatı laureatı Hadaa Sendoo, polşalı Kşiştof Zartavski, yaponiyalı Akifumi Takeda, çexiyalı Boris Qoldberq, macarıstanlı Aron Qaal, danimarkalı Nina Qeyde, serbiyalı Danilo Jokanoviç, slovakiyalı Valeri Kupka, finlandiyalı Olqa Svanberq, çernoqoriyalı Slobodan Vukanoviç, tatar yazar Nikolay Şamsutdinov və digərləri seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək”.

Festivalın Azərbaycan üzrə koordinatoru Nigar Həsənzadə isə Azərbaycan üzrə fəxri spikerlərin adlarını açıqlayıb:

"Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Çingiz Abdullayev və Afaq Məsud kimi dəyərli spikerlərin adını çəkmək olar. Proqrama Azərbaycanla bağlı daxil olan məqamlardan biri də ölkəmizin populyar ədəbi layihələrindən olan "Söz” layihəsidir.

Bu layihə ölkəmizin ictimai həyatında çox önəmli tol oynayır. Festivalda daha bir diqqət çəkən məqam əcnəbi yazıçılar arasında keçiriləcək "Mən Azərbaycanı niyə sevdim” müsabiqəsi olacaq. Bu müsabiqədə kiçik yazı, şeir və esse formasında öz fikirlərini ifadə edə biləcəklər.

Qaliblər juri heyəti tərəfindən seçiləcək. Bir çox tədbirlərə ev sahibliyi edən Bakımız bu dəfə də maraqlı və ədəbiyyat sahəsi üçün dəyərli tədbirin layiqincə keçirilməsini təşkil edəcək”

Layihənin Azərbaycan tərəfdən tərəfdaşı olan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı ölkədə ədəbiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb:

"Bu gün ölkəmizdə ədəbiyyat sahəsində dünya miqyasında tanınan yazıçılarımız var. Xüsusilə bu il bu gözəl tədbirə ev sahibliyini bizə gətirdiyi üçün gözəl yazıçımız Varis Yolçuyevə təşəkkürümü bildirirəm.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin ədəbiyyatın təbliği ilə bağlı bir sıra uğurlu layihələri gerçəkləşdirilib. 4-cü "LiFFt”  festivallar festivalının Bakıda keçirilməsi olduqca qürurverici haldır”.

Mətbuat konfransında 4-cü "LiFFt”  festivallar festivalının dünya ədəbiyyatının, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərə diqqət yönəldilməsinə verəcəyi töhfə barədə danışılıb. 

Vurğulanıb ki, festivalda materik ədəbiyyatının nüfuzlu nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. 

Keçiriləcək ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.

Xatırladaq ki, Festival 2016-cı ildən keçirilir. Əvvəlki illərin qalibləri dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov (2016) və məşhur rus şairi Konstantin Kedrov-Çelışev (2017) olub.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ