"Azərbaycanda həyata keçirilən islahatlar hazırda kadr islahatları mərhələsindədir. Bu həyata keçirilən islahatların növbəti keyfiyyət mərhələsi kimi qiymətləndirilməlidir. İslahatları zəruri edən şərtlər Azərbaycan iqtisadiyyatının inkişafı, onun böyüməsi və qlobal iqtisadi çağırışlar kontekstində özünü yeniləməsi və rəqabət qabiliyyətini artırılması kontekstində qəbul edilməlidir. Şübhəsiz ki, kadr islahatlarını zəruri edən şərtlər də artıq formalaşmışdı və bu indiyə qədər həyata keçirilən islahatların nəticəsində mümkün olmuşdur. Çünki daha səmərəli kadrlarla və daha səmərəli idarəetməni təşkil etmək üçün ilk növbədə konstitusional və qanunvericilik əsasları yaradılmışdır. Eyni zamanda, struktural islahatlar nəticəsində idarəetmənin effektivliyini təmin etmək üçün yeni qurumlar da formalaşmışdır”. Bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu 7news.az-a açıqlamasından deyib. Onun sözlərinə görə, bir məqama xüsusi diqqət çəkmək lazımdır ki, kadr islahatları paralel olaraq həm də struktur islahatları ilə müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti islahatların hazırki mərhələsindən danışarkən qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərə də toxundu. O, qeyd etdi ki, şərti olaraq hazırkı mərhələni postneft mərhələsi adlandırmaq olar . Ona görə yox ki, bizim neftimiz qurtarır. Ona görə ki, biz ümumiyyətlə neft faktorunu iqtisadiyyatda unutmalıyıq: "Göründüyü kimi bu yeni fəlsəfənin özü Azərbaycan iqtisadiyyatının önündə yeni üfüqlər açır. Eyni zamanda, təyin olunan yeni kadrların qarşısında yəni vəzifələr müəyyənləşdirir ki, bu da olduqca vacibdir. Azərbaycan Respublikasının Prezidenti inzibati resursların və məmurların iqtisadi proseslərə müdaxiləsini də sərt şəkildə tənqid etdi. Düşünürəm ki, bu da əslində nəticə çıxarmalı olan qurumlar və məmurlar üçün olduqca ciddi bir xəbərdarlıq idi. Həmçinin Prezident iqtisadi müstəqilliyin əsas faktor olduğunu və dövlətin siyasi müstəqilliyini təmin edən başlıca məqam olduğunu diqqətə çatdırdı. İqtisadiyyatı olmayan ölkə, öz özünü təmin edə bilməyən ölkə şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də müəyyən təzyiqlərə məruz qalır ki, bu da eyni zamanda ölkənin müstəqil siyasi qərarlar qəbul etmək məqsədlərini məhdudlaşdırır”. Hikmət Babaoğlu xatırladıb ki, indiki vəziyyətdə isə ərazi bütövlüyünü bərpa etməyi əsas hədəf kimi müəyyənləşdirən Azərbaycan üçün müstəqillik olduqca vacibdir ki ,bu mənada da siyasi müstəqillik birbaşa iqtisadi mustəqilliklə bağlıdır. Bütövlükdə isə hazırda Azərbaycanda idarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır . İstər istəməz yaşın gətirdiyi bir mühafizəkarlıq , bir lənglik var ki, bu təbii bir prosesdir. Ona görə də vaxtaşırı milli inkişafı təmin etmək üçün bu cür islahatların aparılması vacib şərt kimi ortaya çıxır ki, Azərbaycanda da hazırda bu proses baş verir və bu proses təkcə indiki tarixi mərhələdə keyfiyyət dəyişikliyi yaratmaqla bitməyəcək özündən sonrakı mərhələin də inkişafını təmin etmək üçün fundamental əsaslar yaradacaqdır.
7NEWS.AZ
Gültən Qədirli








