"Baku Electronics”dən qabyuyan maşın alan vətəndaş cihazın quraşdırılmasından sonra problemlə üzləşdiyini iddia edib.
Bu barədə Nərmin Hacızadə "Müştəriyəm, şikayətim var” sosial şəbəkə qrupunda paylaşım edib.
Şikayətçinin sözlərinə görə, aldığı qabyuyan maşın servis əməkdaşları tərəfindən quraşdırıldıqdan sonra cihazın həm çölündən, həm də içərisindən elektrik keçdiyini hiss edib.
Nərmin Hacızadə bildirib ki, quraşdırmanı həyata keçirən usta problemin binada torpaqlamanın olmaması ilə əlaqəli olduğunu deyib. Ustanın sözlərinə görə, torpaqlaması olmayan binalarda qabyuya maşınlarda belə hallar yarana bilər.
Şikayətçi məsələni aydınlaşdırmaq üçün elektrik ustasına və binanın digər sakinlərinə də müraciət etdiyini qeyd edib. Onun sözlərinə görə, eyni cihazdan istifadə edən digər sakinlər belə bir problemlə qarşılaşmadıqlarını bildiriblər. Həmçinin, mənzildəki digər elektron avadanlıqlarda da bu cür hal müşahidə olunmayıb.
"Əgər torpaqlama olmayan binalarda qabyuyan belə ümumi problem yaradırsa, ümumiyyətlə, ictimai şəkildə elan edin də insanlar almasın. Onsuz bir sıra binalar belədir. Elektriklə tokla zarafat olar? Belə problemin olma ehtimalı varsa, niyə əvvəlcədən məlumat verilmir?” – deyə şikayətçi bildirib.
O, "Baku Electronics”in paylaşımda qeyd olunaraq məsələnin araşdırılmasına kömək göstərilməsini istəyib və aldığı məhsuldan narazı qaldığını bildirib.
Məsələ ilə bağlı "Baku Electronics”in mövqeyini öyrənməyə hazırıq.









