ABŞ prezidenti Co Bayden dünən Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Rusiyanın Ukraynaya təcavüz edərsə, Vaşinqton və onun müttəfiqlərinin qətiyyətli cavab verməyə hazır olduğunu açıqlayıb.
Bu haqda Ağ Evin sözçüsü Cen Psakinin yazılı bəyanatında bildirilir.
"Prezident Bayden Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb.
O, açıq şəkildə bildirib ki, Rusiya gələcəkdə Ukraynanı işğal edərsə, ABŞ və onun müttəfiqləri və tərəfdaşları qəti cavab verəcəklər”, - TASS Ağ Evin sözçüsü Cen Psakinin yazılı bəyanatından sitat gətirib.
Öz növbəsində Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Bayden telefon danışığında bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməzliyini vurğulayıb.
"Bu söhbət zamanı Amerika tərəfdən səslənən əsas fikir ondan ibarət idi ki, prezident Bayden ABŞ-ın Ukraynaya hücum silahları yerləşdirmək niyyətində olmadığını açıq şəkildə bəyan etdi”, - Uşakov vurğulayıb.
Onun sözlərinə görə, eyni zamanda, Putin Baydenə Rusiyaya qarşı vəd edilmiş "görünməmiş sanksiyalar”ın tətbiqi halında iki ölkə arasında münasibətlərin tamamilə pozulma ehtimalına eyham vurub.
Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib ki, iki ölkə liderləri təhlükəsizlik təminatlarından danışıblar, ikitərəfli gündəlikdəki məsələlərə toxunulmayıb.
"Söhbət səmimi və işgüzar idi və təbii ki, hər iki tərəf üçün faydalı oldu. Ən yüksək səviyyədə müntəzəm təmasların davam etdirilməsi razılaşdırılıb”, - Kremlin bəyanatında deyilir.
Əlavə edək ki, Rusiya Federasiyası və ABŞ prezidentləri arasında hazırkı telefon danışığı 50 dəqiqə davam edib və söhbətin təşəbbüskarı Putin olub. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun bir qədər əvvəl dediyi kimi, ünsiyyətin məqsədi liderlər arasında əvvəlki söhbətin gündəliyində olan məsələlərin, eləcə də 2022-ci ilin yanvarında keçiriləcək danışıqların müzakirəsini davam etdirməkdir.
Yanvarın 10-da Cenevrədə Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqların aparılması planlaşdırılır./Qaynarinfo
7NEWS.Az








