İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-nin atəşkəs rejimini uzatmaqla bağlı birtərəfli qərarına münasibət bildirib.
AZXEBER.COM-un İran mediasına istinadən verdiyi məlumatına görə, Bekayi qeyd edib ki, rəsmi Tehran yalnız milli maraqların təmin olunacağı təqdirdə müvafiq addımlar atacaq: "İranın maraqlarını təmin etmək və xalqın qazanclarını möhkəmləndirmək üçün məntiqi və zəruri əsas yaranarsa, hərəkətə keçəcəyik”.
Sözçü vurğulayıb ki, İran regionda baş verən hadisələri yaxından izləyir və milli təhlükəsizliyin qorunması üçün bütün zəruri tədbirlər görülür. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkəni istənilən təhdid və hücumdan qorumağa hazırdır.
Bekayi əlavə edib ki, diplomatiya İranın milli maraqlarını və təhlükəsizliyini təmin etmək üçün əsas vasitələrdən biridir və bu istiqamətdə addımlar zərurət yarandığı halda atılacaq.
O, həmçinin bildirib ki, İran təcavüzkarları və müharibə cinayəti törədənləri məsuliyyətə cəlb etmək və təzminat tələb etmək üçün bütün imkanlardan istifadə edəcək.








