Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumu pisləyib, ölkənin hökumətinə və xalqına başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, ibadət yerlərinə qarşı zorakılıq və mülki şəxsləri hədəf alan hücumlar pislənilir.
Azərbaycan İordaniya ilə həmrəyliyini ifadə edib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa tapmalarını arzulayıb.
Qeyd edək ki, İordaniyanın Kərək vilayətində yunan pravoslav kilsəsinə edilən silahlı hücum nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.
Ölkənin səhiyyə naziri İbrahim Bdurun və hökumət sözçüsü Məhəmməd Momaninin açıqlamalarına görə, hadisə Həmud kəndindəki kilsədə dəfn mərasimi zamanı baş verib.
İordaniyanın daxili işlər naziri Mazen əl-Fərayə və İctimai Təhlükəsizlik İdarəsinin direktoru, general-mayor Ubeydullah əl-Məaytə birgə mətbuat konfransında hadisəni ekstremistlər tərəfindən törədilmiş terror aktı kimi qiymətləndiriblər. Təhlükəsizlik idarəsinin rəhbəri hücuma görə məsuliyyət daşıyan şəxslərin yaxın zamanda saxlanılaraq məhkəmə qarşısına çıxarılacağını bildirib.
Səhiyyə naziri İbrahim Bdurun verdiyi məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Yaralılar Kərəkdəki dövlət və hərbi xəstəxanalara yerləşdirilib, bəziləri isə Kral Hüseyn adına Tibb Şəhərciyinə köçürülüb.
İordaniyanın Baş naziri Cəfər Həsən hücumu pisləyib və hadisənin bütün İordaniya cəmiyyətinə qarşı yönəldiyini bildirib. Hökumət hücum nəticəsində ölənlərin xatirəsinə oktyabrın 23-dən başlayaraq ölkədə üç günlük milli matəm elan edib.








