Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) qoruyucu üst geyimi, dəbilqə, sipərlik, zərbəyə dayanıqlı ballistik eynək, dizlik və minaaxtaranın alət çantası olmaqla, ümumilikdə 20 dəst fərdi qoruyucu ləvazimatlar ianə edilib.
ANAMA-dan 7NEWS.Az-a verilən məlumata görə, agentliyin maddi-texniki bazasının genişləndirilməsinə dəstək məqsədilə ianə edilən ləvazimatların təlim zamanı istifadəsi nəzərdə tutulub.
ANAMA-nın Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən yeni müdavimlər, eləcə də ixtisasartırma təlimlərinin keçirilməsində mütəmadi olaraq bu kimi ləvazimatlardan istifadə edilir.
Humanitar minatəmizləmə əməliyyatlarına texniki dəstək və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində fəaliyyət ANAMA ilə BQXK arasında əməkdaşlığa müsbət töhfə verəcəkdir.
Agentlik öz növbəsində humanitar minatəmizləmə fəaliyyətində göstərdiyi diqqət və dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığını bildirir.









