1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunub. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd olunur. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir.
Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Bu mühüm kampaniya çərçivəsində respublikamızda uşaq hüquqları sahəsində ardıcıl və məqsədyönlü xarakter daşıyan tədbirlər həyata keçirilmişdir.
Binəqədi rayonunda da "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bir sıra silsilə tədbirlər keçirilib.
İlk tədbir 26 may tarixində Binəqədi rayonunda 40 saylı körpələr evi –uşaq bağçasında "Uşaqların nağıl dünyası” adlı tədbir ilə başlamışdır.
"Uşaqların nağıl dünyası” adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilmişdir. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval- ruhiyə yaratmışdır.
İkinci tədbir 30 may tarixində Binəqədi rayonunda Akademik Z.Əliyeva adına istirahət parkındahemafiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün təşkil edilmişdir. Tədbirdə Hemafiliya və autizm xəstəliyindən əziyyət çəkən uşaqların nümayiş etdirdikləri mahnılar, rəqslər və səhnəciklər , balacaların ifasında nümayiş edilən Moda sərgisi tədbir iştirakçılarında xoş əhval-ruhiyə yaradıb.
Üçüncü tədbir 01 iyun tarixində Binəqədi rayonu, Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, M.Ə.Rəsulzadə bələdiyyəsinin İctimai-humanitar sektorunun, Binəqədi Rayon Gənclər və İdman idarəsinin və "Azline” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Dünya bizim dünyadır” adlı tədbir keçirilmişdir. Tədbirdə uşaqların ifasında nağıl qəhrəmanları canlandırılaraq müxtəlif kompozisiyalar, şeir, musiqi və rəqslər nümayiş olunub.Təqdim olunan kompozisiyalar insanlar tərəfindən xoş qarşılanıb.
O cümlədən, rayon ərazisində yerləşən təhsil və məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər, maraqlı flaşmoblar təşkil edilmişdir.
Ümumillikdə, keçirilən tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və ictimai təşkilatların nümayəndələri iştirak etmişdirlər.








