BMT-nin insan Hüquqları Şurasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində 24 sentyabr 2021-ci il tarixində Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və dünyanın müxtəlif regionlarından olan 27 BMT üzv dövlətinin həm-müəllifliyi ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən 7NEWS.Az-a verilən xəbərə görə, İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir ki, səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqlarına, o cümlədən yaşayış, sağlamlıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur və dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.








