RU
Bu gün Bakı və Salyanın bəzi ərazilərində işıqlar kəsiləcək
10:50
26

Bu gün Bakı və Salyanın bəzi ərazilərində işıqlar kəsiləcək

Bu gün paytaxtın bəzi rayonlarında və Salyanda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

 "Azərişıq" ASC-nin yaydığı məlumata görə, məqsəd elektrik təchizatının keyfiyyətini yüksəltmək və artan enerji tələbatını qarşılamaq üçün şəbəkədə yenidənqurma və təmir işləri aparmaqdır.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələrində, eləcə də Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Eyni saatlarda Nizami rayonunda yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri səbəbindən Bəhruz Nuriyev küçəsində də enerji təchizatı məhdudlaşdırılacaq.

Suraxanı rayonunda isə 35/6 kV-luq "BMTZ" yarımstansiyasında yenidənqurma işləri görüləcək. Bu səbəbdən Bülbülə qəsəbəsinin Səttar Bəhlulzadə, İlqar Məmmədov və Vüqar Bədəlov küçələrinin bəzi hissələri saat 10:00-dan 13:00-dək işıqsız qalacaq.

Salyan rayonunda da bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılacaq. Belə ki, 110/35/6 kV-luq "Salyan" yarımstansiyasından qidalanan hava xəttinin ətrafında ağacların budanması ilə əlaqədar Kərimbəyli, Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Varlı, Peyk və Düzənlik kəndlərində saat 10:00-dan 13:00-dək enerji təchizatında fasilə olacaq.

Bundan əlavə, Noxudlu kəndinin elektrik şəbəkəsində aparılacaq yenidənqurma işləri səbəbindən Aşağı və Yuxarı Noxudlu kəndləri də həmin saatlarda gərginliksiz qalacaq.

Qeyd olunub ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilərin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ