"Alen Simonyanın Rusiya sərhədçiləri haqda söylədiyi ultimativ fikirlər, onların "Zvartnots" hava limanını təcili şəkildə tərk etməli olduğunu bu qədər kobud formada ifadə etməsi heç şübhəsiz ki, Paşinyanla razılaşdırılıb. Və oxşar tipli bəyanatların məhz məmurlar, yüksək çinli səlahiyyətlilər tərəfindən verilməsinin də səbəbi budur ki, Ermənistanın baş naziri mövcud durumda belə fikirləri özü dilə gətirməyə cəsarət etmir. Ona görə simonyanların, mirzoyanların ağzı ilə danışır, onların vasitəsilə incikliyini nümayiş etdirir, istiqamət götürdüyü yeni kursun anonsunu verir və beləcə, Rusiyaya, Putinə sözün gerçək anlamında "əlcək atır”. – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Bərk-bərk yapışdıqları arqument isə KTMT-dir. Və ya onların dili ilə desək: KTMT-nin fəaliyyətsizliyi. Hərgah, həmin KTMT Qarabağ münaqişəsi zamanı tam haqlı olaraq müdaxilədən çəkindi, kənarda qaldı. Çünki müharibə Ermənistanın deyil, Azərbaycanın ərazisində gedirdi. Üstəlik, BMT də daxil, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri hələ müharibəyə qədər Azərbaycanın haqlı olmasını açıq şəkildə bəyan etmişdi. Əlqərəz, Ermənistan, sadəcə, bəhanə axtarır. Bəhanə və yeni qucaq. Hətta görünən budur ki, həmin qucağı tapıb da. Sadəcə, bilmir işin içindən necə sivişsin, Rusiyanı necə səhv, borclu çıxarsın və tapdığı yeni qucağın üzərinə necə tezcə atlansın. Əlbəttə, Rusiya bunu Ermənistana bağışlamayacaq. Paşinyan isə bunu anlamır və Zelenskinin yolu ilə gedir.
Hesab edirəm ki, Simonyanın və digərlərinin timsalında Paşinyanın Rusiyaya göstərdiyi dirsək və Qərb dairələrinə xoş gəlmək üçün Putin hakimiyyətinə qarşı sərgilənən son dərəcə təhlükəli fəaliyyət Ermənistana baha başa gələcək". – deyə millət vəkili fikirlərinə davam edib.








