"TamStore” supermarketlər şəbəkəsində üzərində heç bir etiket olmayan, adı, tərkibi və istehsal tarixi göstərilməyən kolbasaların satıldığı məlum olub.
Belə ki, "İnstaqram” sosial şəbəkəsində fəaliyyət göstərən "Nə yeyib, nə içirik?” adlı səhifənin hazırladığı videodan aydın olur ki, bu cür kolbasalar digər, markası məlum olan məhsullara bitişik şəkildə, hədiyyə adı ilə satılır.

Olduqca ciddi problemlə bağlı Tribuna.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, markalanmamış məhsulların satışı qadağandır:
"Nazirlər Kabinetinin 94 saylı qərarında, "Yeyinti məhsulları haqqında” və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda birmənalı şəkildə göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları markalanmalıdır.
Hər bir məhsulun üzərində onun istehsal tarixi, son istifadə müddəti və digər zəruri məlumatlar göstərilməlidir.
Qida Təhlükəsizliyi Agentliyi bir il öncə markalanma və məhsul tərkibi ilə bağlı araşdırmalara başlayıb. Lakin bu proses ardıcıl aparılmayıb.
Halbuki bu yoxlamalar davamlı olmalı, məlumatlar mütəmadi şəkildə nəzarətdə saxlanılmalı idi.
Əslində, AQTA-nın icazəsi olmadan heç bir məhsul marketlər şəbəkəsinə daxil ola bilməz. Etiketsiz məhsulların marketlərdə satışa çıxarılması qəbuledilməzdir.
Markalanmamış mallar əsasən meyvə-tərəvəz dükanlarında və kiçik marketlərdə satılır.
Böyük supermarketlərdə belə halların aşkarlanması isə yolverilməzdir”.








