7NEWS.az xəbər verir ki, Peruda ötən həftə vəzifəsindən uzaqlaşdırılan və hazırda həbsdə olan keçmiş prezident Pedro Kastilonun tərəfdarları küçələrə axışıb. Ölkənin cənubundakı Arekipa şəhərində Alfredo Rodriguez Ballon hava limanını zəbt edən 2 minə yaxın insan hava limanına gedən yolları bağlayıb. Bildirilib ki, nümayişçilər hava limanında bəzi strukturları yandırıblar və idarəetmə qülləsini zəbt ediblər. Nümayişçilər Kastilonun azadlığa buraxılmasını və ölkədə erkən seçkilərin keçirilməsini tələb ediblər. Hadisələrdən sonra hava limanına çoxlu sayda polis göndərilib, polislə nümayişçilər arasında baş verən qarşıdurmada 4 nəfər yaralanıb. Təxminən 2 saat sonra polisin yenidən hava limanını nəzarətə götürdüyü açıqlanıb və uçuş-enmə zolağına və ətraf əraziyə ziyan dəydiyi üçün hava limanının uçuşlara bağlandığı bildirilib.
7NEWS.az








