Yeşilayın beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilən "Addicta” jurnalında dərc olunan yeni araşdırma depressiya ilə qumar pozğunluğu arasında ciddi əlaqə olduğunu ortaya qoyub.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya əsasən, depressiyanın şiddəti artdıqca qumar davranışı daha da ağırlaşır, şəxslərdə nəzarəti itirmək hissi güclənir və müalicəyə motivasiya zəifləyir.
Tədqiqat həkim briqadası tərəfindən aparılıb. Araşdırma çərçivəsində qumar pozğunluğu ilə bağlı yardım istəyən 60 kişi xəstə üzərində müşahidələr həyata keçirilib. İştirakçıların orta yaş həddi 35 olub.
Nəticələr göstərib ki, depressiya səviyyəsi yüksəldikcə qumar davranışının şiddəti də artır. Eyni zamanda, şəxslərdə qumarı dayandıra bilməmək düşüncəsi daha dominant hala gəlir və müalicəyə inam azalır.
Araşdırmada həmçinin qeyd olunub ki, qumar problemi ağırlaşdıqca insanlar daha çox xarici faktorların təsiri ilə yardım axtarmağa başlayırlar. Maliyyə itkiləri, ailə təzyiqi və sosial problemlər bu qərarda əsas rol oynayan amillər sırasında göstərilib.
Tədqiqat bir çox insanın qumara pul qazanmaq və ya problemlərdən qaçmaq vasitəsi kimi baxdığını da üzə çıxarıb. Xüsusilə "Qazanmaq mənim növbəmdir” düşüncəsinin qumar davranışını daha da gücləndirdiyi, vaxt və pul itkisinin artmasına səbəb olduğu bildirilib.
Araşdırmaya görə, iştirakçıların 68,3 faizində ən azı bir psixiatrik problem müəyyən edilib. Onlar arasında ən geniş yayılan problem depressiya olub. Depressiya diaqnozu qoyulan şəxslərin nisbəti isə 35 faiz təşkil edib.
Professor Hakan Coşkunol bildirib ki, qumar pozğunluğu çox vaxt yalnız maliyyə itkiləri prizmasından qiymətləndirilir. Onun sözlərinə görə, bu problemin ciddi psixoloji tərəfi də mövcuddur və depressiya dərinləşdikcə şəxsin qumar davranışını idarə etməsi daha da çətinləşir.








