İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6
ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya
iclası keçirilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı toplantını giriş sözü ilə
açaraq Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclasa diqqəti cəlb edib. Ötən 6
ay ərzində ölkəmizdə qarşıda duran bütün vəzifələrin uğurla icra
edildiyini deyən Dövlət Komitəsinin sədri Azərbaycanın iqtisadi və
beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini vurğulayıb.
Bu ilin dövlət başçısı tərəfindən ölkəmizdə "Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı bu
münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini
icmaların üzvləri arasında məqalə müsabiqəsi və tədbirlərin
keçirildiyini, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti dövründə
dövlət-din münasibətləri” mövzusunda kitabın nəşr edildiyini bildirib.
Mübariz Qurbanlı hesabat dövründə dini durumun öyrənilməsi, dini
icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və
təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi
barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin
fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı
tədbirlər görüldüyünü bildirib. Qeyd edib ki, din adı ilə milli və
dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji
təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam
etdirilib, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi, hüquq mühafizə
orqanları, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumlarla birlikdə
maarifləndirici, profilaktik və inzibati tədbirlər həyata keçirilib.
Komitə sədri milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi
ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən Prezident İlham
Əliyevin müvafiq Fərman və Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan
İlahiyyat İnstitutunun yaradılmasını, eyni zamanda Dövlət Komitəsinə
olan yüksək etimadın göstəricisi kimi dəyərləndirib. Sözügedən
qurumların ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanması və
inkişaf etdirilməsi istiqamətində fəaliyyətə başladıqlarını bildirib.
Çıxışında 3 və 10 iyul tarixlərində Gəncədə baş verən terror
hadisələrinə də toxunan Mübariz Qurbanlı bu cinayət əməllərinin
Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin müstəqilliyinə
zərbə vurmaq niyyəti ilə törədildiyini bildirib. Ölkəmizdə qarşıdurma
yaratmaq məqsədilə dini şüarlarla çağırışlar edilməsini
dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi
dəyərləndirib. Xaricdən idarə edilən din pərdəsi altında fəaliyyət
göstərən radikal qrupların cəmiyyəti iğtişaşlara təhrik etmə, dövlətə
qarşı terror, islami dəyərlərimizə zidd əməllərinə lazımi hüquqi
qiymətin veriləcəyini deyib. Belə təxribatçı cəhdlərin möhkəm təməllər
üzərində yaranan dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda
bilməyəcəyini bildirib.
Daha sonra Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov hesabat
məruzəsi ilə çıxış edib. Sədr müavini Komitə tərəfindən respublikada
dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas
tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin
qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu
genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək
istiqamətində keçirilən müvafiq tədbirlər barədə danışıb.
Gündüz İsmayılov son hesablamalara görə, ölkə ərazisində 2248 məscidin
olduğunu, bunlardan 211-nin Naxçıvan Muxtar Respublikasının payına
düşdüyünü qeyd edib. 778 məscidin dini icmasının Dövlət Komitəsində
qeydiyyatdan keçdiyini bildirib.
Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı
60 müraciətin (57 İslam, 3 qeyri-islam təmayüllü) daxil olduğu, 7 dini
qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri
qaytarıldığı, ümumilikdə 16 dini icmanın (13 İslam, 3 qeyri-islam
təmayüllü) dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.
Cari ildə Dövlət Komitəsi tərəfindən Ramazan ayı ilə bağlı həyata
keçirilən ardıcıl tədbirlər barədə də danışan sədr müavini ay boyunca
dini durumun nəzarətdə saxlanıldığını, məscid və ziyarətgahlarda
mütəmadi monitorinqlərin aparıldığını, bütün dini icmaların QMİ-nin
rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməsinin mütəmadi diqqət
mərkəzində saxlanıldığını deyib. Qeyd edib ki, 2018-ci ildə Ramazan ayı
ölkəmizdə mənəvi dəyərlərimizə uyğun formada keçirilib, dini icmalara
dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib. Dini icmaların
sərbəst şəkildə təravih namazlarının icrası, Qədr gecələrinin
keçirilməsi ilə bağlı lazımi şərait yaradılıb.
Gündüz İsmayılov ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli
dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və
təkmilləşdirilməsi sahəsində işin davam etdirildiyini, idxalla bağlı
2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olan
müraciətlər əsasında 483 adda dini məzmunlu ədəbiyyatdan dini
dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın
ölkəyə idxalının və yayılmasının qarşısının alındığını bildirib. Əlavə
edib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini
ədəbiyyatın 22-sinin çapı məqsədəuyğun sayılmayıb. 171 adda (253010
ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları
verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət
Komitəsinə göndərilən 224 adda dini təyinatlı ədəbiyyat və məmulat
materiallarından 56-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal
və istehsal edildiyi müəyyən edilib.
Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq-mühafizə
orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz
fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda
dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı
inzibati tədbirləri intensiv şəkildə davam etdirdiyini deyib. Bildirib
ki, respublikanın müxtəlif rayonlarında İnzibati Xətalar Məcəlləsinə
əsasən ümumilikdə 45 nəfər barədə protokol tərtib edilərək aidiyyəti
məhkəmələrə göndərilib.
Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi
işlər barədə danışan Gündüz İsmayılov bu istiqamətdə dini icmaları,
yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə
müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil
müəssisələrini əhatə edən, ümumilikdə 300-dən artıq tədbirin baş
tutduğunu bildirib. İmzalanmış tədbirlər planları çərçivəsində Dövlət
Komitəsinin Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti, Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsi ilə birgə onlarla tədbir həyata keçirilib.
Sədr müavini həmçinin, Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük,
dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də
dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən
birgə çıxış yolları axtarmaq məqsədilə keçirilən beynəlxalq tədbirlər
barədə də danışıb. Ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin
ölkə xaricində təbliğ edilməsi məqsədilə "Müsəlman Dünyası Bu Gün”
(Muslim World Today) adlı internet platformasında, eyni zamanda
"Yerusəlim Post”, Pakistanın "Morning Mail” kimi nüfuzlu onlayn
qəzetlərində yazı və məqalələrlə çıxışlar edildiyini vurğulayıb.
Daha sonra məruzəsi dinlənilən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktoru Mehman İsmayılov Fondun mənəvi dəyərlərin təbliği işinin
gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıb.
Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 27 mart
2018-ci il tarixli Sərəncamı ilə Fonda ayrılan vəsait hesabına ölkəmizdə
mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən rəsmi olaraq təyinat almış, ümumi sayı 1068 nəfər
olan imam, imam müavini və mütəvəllilərə maddi dəstək göstərilir. Mənəvi
dəyərləri təbliğ etmək məqsədilə Fond tərəfindən Ramazan ayında
Azərbaycanın bir sıra şəhər və rayonlarında Azərbaycanın azadlığı,
suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə
üzvlərinin və müharibə veteranlarının iştirakı ilə 13 iftar süfrəsi
təşkil olunub. Bununla yanaşı, Ramazan bayramı ərəfəsində Fond
tərəfindən Azərbaycanın müxtəlif regionlarından ümumilikdə 66 şəhid
ailəsinə ərzaq yardımı edilib. Fondun tərkibində Mənəvi Dəyərlərin
Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor
mənəvi dəyərlərin və Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı
maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminar,
konfrans və xeyriyyəçilik fəaliyyətnin təşkili, kitab nəşri, eyni
zamanda mənəvi dəyərlərlə bağlı televiziya kanallarında və radiolarda
veriliş və sosial çarxların verilməsi istiqamətində işlərin davam
etdirildiyini deyib.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxışında
Gəncə şəhərində dini durumun tam sabit olduğunu, vətəndaşlara dini
ayinləri sərbəst şəkildə icra etmələri üçün lazımi şərait yaradıldığını
deyib. Bildirib ki, dindarlar dövlət tərəfindən onlara göstərilən
diqqət və qayğını yüksək qiymətləndirir və dövlətçilik prinsiplərinə
həmişə olduğu kimi indi də sədaqət nümayiş etdirirlər.Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış
edərək ölkəmizin konfessiyalar və məzhəblər arası münasibətlər
baxımından nümunəvi mühitə malik olduğunu bildirib. Qeyd edib ki,
Prezident İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı,
onların fəaliyyəti üçün geniş imkanların yaradılması hakimiyyətin
milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətinin bariz nümunəsidir.
E. Nəcəfov bu sabitliyi gözü götürməyən, onu pozmağa çalışan ölkə
xaricindən qaynaqlanan bəzi qüvvələrin din adı altında destruktiv
fəaliyyətlərini həyata keçirməyə cəhd göstərdiklərini təəssüflə
vurğulayıb. Cari ilin iyul ayında Gəncə şəhərində baş vermiş hadisələr
göstərdi ki, xarici dairələrin təlimatı ilə bəzi ekstremist qüvvələr
məqam tapan kimi öz məkrli planlarını həyata keçirməyə can atır. Diqqətə
çatdırıb ki, bu baxımdan xarici dairələrə bağlı olan, dindən öz siyasi
və ideoloji məqsədləri üçün istifadə edən radikal ünsürlərər qarşı
mübarizə tədbirləri daha intensiv aparılmalıdır. İyulun 13-də dövlət
başçısı yanında keçirilən iclasda ölkə başçısının qeyd etdiyi məsələlər,
verdiyi tapşırıqlar diqqət mərkəzində saxlanılmalı, radikal formada
dindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində
tədbirlər davam etdirilməlidir.
E. Nəcəfov dini maarifləndirmə, İslam və qeyri-islam dini icmalaları ilə
iş, qanunvericiliyin təkmilləşdirilməsi, dini sahə ilə bağlı qurumlar
arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq qurumların
ölkəmizdəki dini durumla bağlı hesabatlarına diqqətin artıtrılması və
digə məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq tövsiyələr verib.
Dini maarifləndirmə sahədində Dövlət Komitəsinin dəstəyi ilə yayımlanan
televiziya verilişlərinin əhəmiyyətini yüksək qiymətləndirərərk bu
istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət-din münasibətlərinin tənzimlənməsi, dövlətin nəzarət
tədbirlərinin artırılması, eləcə də fəaliyyətdə çevikliyin təmin
olunması üçün qanunvericilik bazasında düzəliş və əlavələrin edilməsinin
zəruriliyini diqqətə çatdırıb.
Sonda Dövlət Komitəsinin 2018-ci ilin növbəti 6 ayı üçün fəaliyyət
planı və qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və
perspektivlər geniş müzakirə edilib. Qarşıdan gələn Məhərrəm ayı ilə
bağlı müvafiq işlərin görülməsi barədə Dövlət Komitəsinin bölgə
şöbələrinə müvafiq tapşırıqlar verilib.








