O bildirib ki, yayımlanan videoda Koul Allen adlı şəxsin Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmət əməkdaşını güllələdiyi anlar yer alıb. Bildirilib ki, təhlükəsizlik xidmətinin nümayəndəsi yaralansa da, onu ölümdən zirehli jilet xilas edib. Tramp həyat yoldaşı və digər rəsmilərlə birlikdə zalı xəsarətsiz tərk edə bilib, tədbir yarımçıq dayandırılıb və məkan təxliyə edilib.
Təqribən altı dəqiqəlik videoda müxtəlif günlərdə çəkilmiş kadrlar cəmləşib. Görüntülərdə ABŞ paytaxtı mətbuatının qala-gecəsindən bir gün əvvəl - ötən cümə günü hotelin dəhlizi ilə irəliləyən bir kişi diqqət çəkir. Videonun 40-cı saniyəsində onun hotelin fitnes zalında ətrafı nəzərdən keçirməsi görünür.
Pirronun sözlərinə görə, Allen hadisədən bir gün əvvəl məkandakı vəziyyəti öyrənirmiş. Daha sonra zalın girişi bağlı olduğu halda, mühafizəçilərin iki metal detektorundan birini sökməsi təsvir olunur. Ardınca qala-tədbir başlayarkən hücumçunun hotelin ikinci təhlükəsizlik qapısından qaçaraq keçdiyi müşahidə edilir. Bir neçə təhlükəsizlik əməkdaşı silahlarını çıxararaq cinayətkara tərəf yönəldir.
Nəhayət, videonun sonuna yaxın Allenin nəzarət-buraxılış məntəqəsini keçdikdən dərhal sonra silahı sağa - mühafizəçilərin dayandığı istiqamətə tuşladığı nəzərə çarpır. Həmçinin polisin cinayətkarı nişan alaraq onun istiqamətində atəş açdığı da videoda əksini tapıb. İnsident zamanı bir neçə dəfə atəş səsi eşidilib.
Təhlükəsizlik xidmətinin bir əməkdaşından başqa heç kim xəsarət almayıb. Polisin məlumatına əsasən, hücum edən şəxs saxlanılarkən zədələr alıb və xəstəxanaya yerləşdirilib. Cümə axşamı məhkəmə istintaq müddətində Koul Allenin həbsdə saxlanılması barədə qərar qəbul edib. 31 yaşlı informatika müəllimi ABŞ prezidentinə qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası ilə üzləşə bilər.








