Martın 10-da ölkə jurnalistlərinin VII qurultayı keçiriləcək. Bununla bağlı fevralın 5-də Mətbuat Şurası İdarə Heyətinin iclasında qərar qəbul edilib. Qurultaya hazırlıq işləri və bu il gözlənilən yeniliklər barədə ətraflı məlumat almaq üçün Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxladıq.
Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, martın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək: "Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Qurultayda Mətbuat Şurasının İdarə Heyəti formalaşacaq. Mətbuat Şurasının hesabatı dinləniləcək. Hesabat ətrafında müzakirələr aparılacaq. Azərbaycan mətbuatını bu gün narahat edən məqamlar, ölkə jurnalistikasında hansı uğurların əldə edildiyi ətrafında fikir mübadiləsi aparılacaq”.
Əflatun Amaşovun sözlərinə görə, ölkə jurnalistlərinin VII qurultayında xarici ölkələrin media nümayəndələrinin iştirakı nəzərdə tutulmayıb: "Bu Azərbaycan jurnalistlərinin qurultayıdır. Qurultaya Mətbuat Şurasına üzv təşkilatların nümayəndələri dəvət olunublar”, - deyə Əflatun Amaşov qeyd edib.
7News.az








