"Hər hansı müəssisədə ixtisar olanda ən sonda əlilləri işdən azad etməlidirlər. Təəssüf ki, müəssisələrdə belə məqamlarda ilk növbədə onları uzaqlaşdırırlar”.
7news.Az -ın xəbərinə görə, bu sözləri millət vəkili Siyavuş Novruzov "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə müzakirələr zamanı deyib.
Millət vəkili bildirib ki, qanunvericilikdə bu, nəzərə alınıb, lakin bəzi strukturlar buna nəzarət etmirlər:
"Əmək müfəttişliyi və digər strukturların buna nəzarəti gücləndirilməlidir. Deputat həmkarlarıma, eləcə də mənə bununla bağlı çoxlu müraciətlər olur. Bundan başqa, əlilliyin verilməsində və müəyyən edilməsində də ciddi problemlər var. Bu məsələ də həllini gözləyir”.
Millət vəkili Hadı Rəcəbli ölkədə əlilliklə bağlı bir çox məsələlərin həllilə bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri ilə müzakirə apardıqlarını deyib:
"Əlilliyin müəyyənləşməsində problemlər var. Yeni rəhbərliklə bu məsələni həll etmişik. Əlilliyin müəyyənləşməsində yeni baxış olacaq. Əlillərin sosial müdafiəsində baş prinsip məşğulluqdur. Bu gün II və III qrup əlillərlə bağlı bu məsələ pozulur. Sentyabr-oktyabr ayında bu məsələdə qanunlara əlavələrlə bağlı parlamentdə müzakirələr aparmağı planlaşdırırıq”.
Birinci vitse-spiker Ziyafət Əsgərov əlilliyin müəyyən olunması ilə bağlı problemin birdəfəlik həll edilməsi üçün məsələnin "ASAN Xidmət”ə verilməsi təklifini irəli sürüb:
"Bundan həm vətəndaşlar süründürməçilikdən xilas olar, həm də nazirliyin canı qurtarar. Düzdür, bunun üçün "ASAN Xidmət”in imkanlarını da nəzərə almalıyıq. Lakin hesab edirəm ki, bu məsələ problemi tam həll edə bilər”.
7news.Az








