Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə bıçaqlanan Ədalət Həsənovla bir yerdə olan Nicat İbrahimov hadisə barədə danışıb.
O deyib ki, özlərini Rəhmandan müdafiə ediblər: "Bıçağı ondan almaq istəyirdik, sonradan aldıq, amma gec idi. Ədalətin vurulmasını görmədik”.
İclasda məhkəmə istintaqının tamamlandığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi avqustun 9-da davam etdiriləcək. Növbəti iclasda R.Qəhrəmanova cəza istəniləcək.
Ötən iclasda R.Qəhrəmanov ifadə verərək deyib ki, "Köylü” kafesində pivə içən vaxt Ədalət Həsənov, yanında 2 oğlan və 3 qız ora gəlib yan masada oturublar: "Mən tək idim, qəfildən Ədalət "bizə baxırsan” deyərək üstümə gəldi. Mən də onlara baxmadığımı dedim, amma əhəmiyyət vermədi. Ədalət və yanındakı Eminlə Nicat üstümə gəlib məni döydülər. Sonra məni çölə çıxartdılar, fikirləşdim ki, öldürəcəklər. Masanın üstündə bıçaq var idi, limonu doğramaq üçün ofisiantdan almışdım. Bıçağı götürüb cibimə qoydum. Çöldə yenə üçü də üstümə cumdu, özümü müdafiə etmək üçün bıçağı çıxarıb onlara tərəf silkələdim. Bıçaq Ədalətə dəydi, ordan çıxıb getdim. Parkda biraz gəzişəndən sonra polisə gedib təslim oldum”./qafqazinfo
7news.Az








