İqtisadi inkişafına görə dünyanın 7 ən güclü ölkəsinin liderlərinin Yaponiyada bir araya gəldiyi G7 zirvəsi sona çatdı.
7News.Az bildirir ki, 2 günlük zirvə toplantısında əsas gündəm dünya iqtisadiyyatı və ticarətin gücləndirilməsi olub. Kaşikojima adasında keçirilən Sammitin ilk günündə liderlər büdcə kəsirlərinin hələ də mövcudluğundan qayğı duyduqlarını dilə gətiriblər. Ev sahibi - baş nazir Şinzo Abe 2008-ci ildə yaşanan maliyyə böhranının hələ də davam etdiyini bildirib. O qeyd edib ki, tədbirlər görülməsə, dünya birjaları yenidən çökmək təhlükəsi ilə üz-üzə qala bilər. O, böhrandan çıxış yolu kimi yapon iqtisadçıların işləyib hazırladığı layihələri təqdim edib.
Toplantıda əsas mövzulardan biri də Çinin iqtisadi inkişafı olub. Bildirilib ki, rəsmi Pekinin polad istehsalında kvota gözləmədən təkbaşına liderlik iddiası Avropada, xüsusilə Böyük Britaniyada bu sahəni iflic hala salıb. Avropa Birliyi komisiyasının prezidenti Jan Klod Yunker bu məsələyə xüsusi toxunub. O bildirib ki, qurumda polad istehsalı ilə məşğul olan 22 ölkə olsa da, Çinin siyasəti bu sahənin inkişafına mane olur.
Qeyd edək ki, Dövlət və hökumət başçıları qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik, potensial təhlükələr, neftin qiymətinin son durumu və azalan ticarət dövriyyələri ilə bağlı fikir mübadiləsi aparacaq. İqtisadi məsələlərlə yanaşı, Şimali Koreyanın nüvə proqramı, Çin dənizindəki ərazi iddiaları, Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə və Rusiyanın Ukrayna siyasətinin də müzakirə olunacağı açıqlanıb.








