Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verməkdir.
Azərbaycan vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları mayın 22-dən iyunun 22-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri yalnız Fondun rəsmi saytının E-Xidmətlər Sistemi vasitəsilə elektron qaydada qəbul edilir.
Müsabiqəyə təqdim olunan layihələr milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf, gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi, sosial inklüzivlik və bərabər imkanların təşviqi, rəqəmsal gələcək, innovasiya və süni intellekt, yaradıcı sənaye və mədəni innovasiyalar, regionlarda gənclərin iştirakçılığı və ictimai fəallığı, dayanıqlı inkişaf və ekoloji məsuliyyət adlı yeddi fərqli istiqaməti əhatə edir.
Müraciət zamanı layihənin təsviri, xərclər smetası və ilkin tədbirlər planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir müraciətçi yalnız bir layihə təqdim etmək hüququna malikdir.
Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamaq şərtilə müəyyən edilməlidir. Fiziki şəxslərin fərdi layihələri üçün müraciət məbləğinin dəyəri 5 min manatdan, gənclər təşkilatlarının yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 min manatdan, beynəlxalq layihələr üzrə 15 min manatdan çox olmamalıdır.
Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Layihələr seçilərkən yenilik və unikal yanaşma, davamlılıq, təklif olunan müddət və büdcə çərçivəsində reallaşdırılma imkanları, müasir texnoloji həllərə və innovativ yanaşmalara uyğunluq kimi meyarlara üstünlük veriləcək.
Qrant müsabiqəsi haqqında daha ətraflı məlumatı https://youthfoundation.az/192976/ linki vasitəsilə əldə etmək olar.








