RU
Görün, kimlər azad mediadan danışır…
14:00
344

Görün, kimlər azad mediadan danışır…

"Sizə atılan daşları toplamaq gərəkdir. Çünki həmin daşlar inşa edəcəyiniz möhtəşəm binanın özülü olacaq".
 

Hektor Berliozun sözləri "Media haqqında" qanun layihəsini tənqid edənlərə də şamil oluna bilər, bəlkə olunmalıdır da.

Səbəb bəsit, hətta trivialdır: layihəni kəskin tənqid edənlərin, sosial şəbəkələrdə "Ölkə mediası təhlükədədir!" şüarı ilə az qala Bonopart kirasirləri təki irəli atılanların total əksəriyyəti sənədi oxumayıblar, layihədəki maddələrdən, şərtlərdən və müddəalardan bixəbərdirlər.

"Layihə pisdir ona görə ki, pisdir" məntiqi ilə davrananların iddialarını çözələdikcə, əsassızlıq və bəzi hallarda - təəssüflər olsun - qərəz ortaya çıxır.

Tənqidçilərin arasında ölkənin media cameəsində əla tanınan və kimlikləri əyan fərdlər az deyil. Həmin fərdlər "reket media"nın mənsubları, yəni mediadan yalnız qanunsuz yollarla, dilənçiliklə, şantajla və s. yollarla fərdi gəlir əldə etmək vasitəsi qismində yararlanan "maral"lardır.

Sözügedən şəxslər dərk edirlər ki, yeni qanun ölkədəki media mühitində yenilənməyə, ən əsası isə fəaliyyətin intensivliyinin və məhsuldarlığının artmasına səbəb olacaq. Belədə təbii ki, media mənsubundan peşəkarlıq, qanunlara riayət, məsuliyyət tələb ediləcək ki, həmin meyarlar da reket mediadan həddən ziyadə uzaqdır.

Tənqidçilər arasında məlum və aşkar siyasi maraqlarının təmsilçiləri də yer alıblar. İstənilən məqamdan, səbəbdən və ya səbəbsizlikdən yararlanaraq "Hakimiyyət pisdir!" şüarının nimdaşlaşmış variasiyasını əllərində yelləyənlər heç bir məntiqi əsas, ciddi arqumentlər olmadan "yeni qanun layihəsi mürtəcedir" söyləyir və yazırlar.

Onları anlayıram: Qərbdəki bilinən təşkilatlardan, fondlardan və cəmiyyətlərdən alınmış göstəriş belədir. Psevdolibertarian və saxta "demokratik dəyərlər" şüarçılığı ilə Azərbaycanın media məkanında anarxiya, qanunsuzluq mühitini maksimum dərəcədə gücləndirərək şiddətləndirmək məqsədli bu çağırışların sonradan cəmiyyətdə hansı fəsadlar yaratdığını postsovet məkanının bir sıra ölkəsində görə bilərik.

İkili standartlar və ayrı-seçkili "seçim" əsasında yürüdülən siyasətin sonucunda həmin ölkələrdə "azad media" vətəndaşın yox, oliqarxların, siyasi qüvvələrin və Qərbin maraqlarının mühafizinə çevrilib.

Qanun layihəsində ölkədə Media Reyestrinin yaradılmasını tənqid edənlərin məntiqini anlamaq mümkün deyil. Çünki onlar ölkədə reklam bazarının inkişafını, mediaya vergi güzəştlərinin şamil olunmasını, azad rəqabət mühitinin tam bərqərar olmasını tələb edirlər. Azərbaycan mediasında sistemli fəaliyyətin əsasını qoyacaq Reyestr, yəni zəruri və labüd statistik məlumatlar bazası olmadan bütün bunlar necə təmin oluna bilər ki?

Xatırladaq ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun bu günə kimi 79 dəfə dəyişdirilsə də, müasir çağırışlara, zamanın tələbinə əsla yuğun deyil.

Belədirsə, mediamızın indiki durumda qalmasını "inkişaf" kimi qələmə verənlər bəyəm bəlli maraqlara xidmət etmirlərmi?

Bəyəm az qala isterikya qapılan, elementar debat və diskussiya qaydalarını bir kənara atanlar məhz "media" kimi qələmə verdikləri reket, şantaj, fırıldaq, yalan, ələbaxımlılıq mexanizmləri vasitəsilə varlanmayıblar, zəngin olmayıblar?

O haram pulları itirmək istəməyən, buyruq qulu funksionallığını rahat və əlverişli yaşam tərzi sayanlar nə zamandan azad media nümayəndələri olublar?

Bəyəm məhz bu yaramazlar ölkədə jurnalistikanın gözdən düşməsinə, jurnalist peşəsinin nüfuzuna zərbə vurmaqla məşğul olmayıblar və deyillər?

İndi onlar "fəaliyyətin məhdudlaşdırılması"na qarşı çıxırlar.

Oğurluq, yaltaqlıq, fırıldaqçılıq, reket, şantaj isə media fəaliyyəti deyil.

Belə əməllərin başqa adı var.

İki ulağın arpasını bölə bilməyən, ad və soyadını yazanda belə, az qala orfoqrafik səhv edən, amma özünü "müstəqil sayt rəhbəri" sayan, bahalı avtomobillərə, lüks mənzillərə, villalara sahib olan bu yaramazların işlərinə son qoymağın zamanı çatıb.

"Media haqqında" qanun layihəsi isə belələri üçün Transilvaniya vampirləri üçün vəftiz suyu təkidir: sonlarını çatdırasıdır.

Azərbaycan mediasında halal zəhmət, intellekt, savad, əxlaq və peşəkarlıq sayəsində yüksəlmək asan olmalıdır.

Rüşvət almayan jurnalist illərlə maddi sıxıntı içrə yaşamamalı, ömrünü kirayəşinlikdə çürütməməli, övladlarına peşəsindən və fəaliyyətinin nəticələrindən qürurla bəhs etməlidir - "Danabaş kəndinin əhvalatları" və ya "Taxtalıköydən məktublar"ın məlum personajlarına bənzəyən, mediada baqqal kimi davrananların cah-cəlallı yaşamına və çirkin yollarla əldə etdiyi gəlirlərə baxaraq köks ötürməməlidir.

Azərbaycan mediası Azərbaycanın maraqlarına xidmət etməlidir və edəcək də.

Öz maraqlarını dövlətlə millətin mənafeləri ilə səhv salanlarsa "tənqid"lərinə davam edə bilərlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ