Ermənistanın siyasi dairələrinin Dağlıq Qarabağın tanınması ilə bağlı səsləndirdiyi bəyanatlara Rusiyanın xarici işlər naziri Serqey Lavrov diplomat soyuqanlığı ilə cavab verib.
7News.Az bildirir ki, RİA Novosti xəbər agentliyinin suallarını cavablandıran nazir bəyanatların rəsmi İrəvanın mövqeyi olmadığına diqqət çəkib. O bildirib ki, ölkədə bəzi siyasətçilər hisslərə qapılaraq belə məsuliyyətsiz çıxışlar edə bilər. Amma bu məsələnin dərin kökləri var və erməni siyasi elitası bunu etməyəcək qədər ağıllı davranır.
"Buna görə də həyəcan təbili çalıb, təşvişə düşməyəcəm" - deyən Lavrov bildirib ki, Dağlıq Qarabağın tanınması və ya statusu məsələsi Azərbaycansız həll edilə bilməz. Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, məsələ ancaq tərəflərin qarşılıqlı razılaşmasından sonra gündəmə gətirilə bilər. Əks təqdirdə İrəvan Dağlıq Qarabağla bağlı heç bir siyasi sənədi təkbaşına qəbul edə bilməz. Lavrov həmçinin xatırladıb ki, tanınmaq məsələsini parlamentdə müxalifətdən olan deputatlar, Zarui Postancyan və Qrant Baqratyan gündəmə gətirib.
Qeyd edək ki, bu gün adı çəkilən deputatlar qanunverici orqana Dağlıq Qarabağın tanınması ilə bağlı sənədin son variantını təqdim edəcək.








