RU
İcra hakimiyyəti sorğuya cavab verdi- TAM MƏTN
16:08
29

İcra hakimiyyəti sorğuya cavab verdi- TAM MƏTN

7NEWS.az informasiya portalına

 

 

Salyan rayonunda bir neçə təsərrüfatın su təminatının dayandırılması ilə bağlı 25 avqust 2026-cı il tarixli, 25/08 nömrəli məktubunuzla əlaqədar olaraq aşağıdakıları bildiririk:

Cari ildə Salyan rayonunda kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında ciddi problem mövcud olmamışdır. Pambıq əkinlərinin suvarılması ilə əlaqədar ayrı-ayrı ərazilərdə müəyyən çətinliklər müşahidə olunsa da, həmin məsələlər aradan qaldırılmış və pambıq sahələri suvarma suyu ilə təmin edilmişlər.

Son günlər bəzi elektron informasiya vasitələrində "Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı "Aqro Park” qalmaqalında – Təsərrüfatların suyu kəsildi” başlığı ilə Salyan rayonunda guya təsərrüfatların su təminatının əsassız olaraq dayandırılması barədə məlumat yayılmışdır. Aparılmış araşdırma göstərmişdir ki, rayon üzrə bir neçə təsərrüfatın su təminatının dayandırılması barədə təqdim olunan məlumat həqiqəti əks etdirmir, yalan və böhtandan ibarətdir.

Belə ki, məlumatda söhbət yalnız Salyan rayonunun Aşağı Noxudlu kənd inzibati ərazi dairəsində yerləşən və vətəndaş Nağıyev Ceyhun Şakir oğlunun icarəsində olan torpaq sahəsindən gedir.

Salyan Rayon İcra Hakimiyyəti başçısının 5-71/3-2-44/2025 nömrəli, 14 mart 2025-ci il tarixli sərəncamı ilə 113,39 hektar torpaq sahəsi heyvandarlığın inkişafı məqsədilə C.Nağıyevin icarəsinə verilmişdir. Bağlanmış icarə müqaviləsinə əsasən icarəçi torpaq sahəsindən təyinat üzrə istifadə etməli, onun keyfiyyətini yaxşılaşdırmalı və qanunvericiliklə nəzərdə tutulmayan tikili və qurğuların inşasına yol verməməlidir.

Lakin, aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, C.Nağıyev heyvandarlığın inkişafı məqsədilə icarəyə götürülmüş torpaq sahəsinin təxminən 10 hektarında yonca əkini aparmış, 30 hektarında isə süni balıq gölü yaratmışdır. Bununla da torpaq sahəsindən icarə müqaviləsində müəyyən edilmiş təyinatdan kənar istifadəyə yol vermişdir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 aprel 2026-cı il tarixində həmin ərazidə dövlət nəzarəti tədbiri həyata keçirərkən, torpaq sahəsindən təyinatdan kənar istifadə və balıq gölünün yaradılması faktları müəyyən edilmişdir. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüş, vətəndaşla görüşülmüş, ona mövcud qanunvericiliyin və icarə müqaviləsinin tələbləri izah edilmişdir.

Aparılmış izahat işinə və vətəndaş tərəfindən verilmiş yazılı izahata, götürülmüş öhdəliyə baxmayaraq torpaq sahəsindən müqavilədə nəzərdə tutulmayan məqsədlərlə istifadə davam etdirilmişdir.

Qeyd olunan ərazidə qanunsuz yaradılmış 30 hektarlıq süni balıq gölünün su ilə təmin olunması ərazidə mövcud su balansına əlavə yük yaratdığına və xüsusilə kənd sakinlərinin pay torpaqlarının suvarılmasına təsir göstərdiyinə görə, su bölgüsünün tənzimlənməsi və ilk növbədə qanuni əsaslarla kənd təsərrüfatı məhsullarının suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə yerli Sudan İstifadəedənlər Birliyi tərəfindən həmin təsərrüfata suyun verilməsi müvəqqəti olaraq dayandırılmışdır.

Qanunsuz hərəkətlərini pərdələmək və məsuliyyətdən qaçmaq üçün C.Nağıyev elektron informasiya vasitələrinə yalan məlumat verməklə və rəhbər vəzifəli şəxslərə böhtan atmaqla məsələni ictimailəşdirməyə çalışmışdır.

Bundan sonra, Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən vətəndaşa məxsus, su kanalına qanunsuz olaraq birləşdirilmiş 25 metr uzunluğunda, 800 mm diametrli boru qazılaraq götürülmüşdür.

Rayon İcra hakimiyyətinin nümayəndələri Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları ilə birlikdə əraziyə yenidən baxış keçirmiş, mövcud vəziyyəti aktla rəsmiləşdirmiş və qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

Bir daha bildiririk ki, Salyan rayonunda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına hər hansı maneə yaradılması barədə iddialar əsassızdır. Rayon ərazisində torpaq sahələrindən qanunvericiliyin tələblərinə uyğun istifadə edən sahibkarlıq subyektlərinin fəaliyyətinə hər zaman dəstək göstərilir.

Hörmətli 7NEWS.az peşəkar media informasiya portalı olaraq Salyan Rayon İcra Hakimiyyətinə məsələnin mahiyyətinin araşdırılması üçün göndərdiyiniz sorğuya və obyektivliyə görə komandanıza tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayırıq.

Xahiş edirik nəzərə alasınız.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ