RU
18:59
334

"İran iradlarını özünə yönəltsin, bu mövqe tamamilə məntiqsizdir"

İran İslam dünyasında lider olmağa can atır və İsraillə mübarizəni özünə alət seçib. İran, eyni zamanda, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və indiyədək əlində saxlayan Ermənistanla həmsərhəd ölkədir. Amma mən bu vaxta kimi heç görməmişəm ki, İranda müsəlman Azərbaycana dəstək vermək və işğalçı Ermənistana etiraz etmək üçün hansısa mitinq və nümayişlər təşkil olunsun. İndi durub İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfərə gəlməsinə etiraz edirlər. Bu, tamamilə məntiqsiz və qəbulolunmazdır. İndi İranda kim etiraz edir-etmir özləri bilər, amma Azərbaycan buna məhəl qoymayacaq.
 

Bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, politoloq Rasim Musabəyov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə də bağlı öz prinsipial mövqeyi var: "Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər. Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz, eyni zamanda, Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır. Belə ki, Azərbaycan İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Fələstini dəstəkləyib, BMT TŞ-nın qeyri-daimi üzvü olarkən Fələstin məsələsini özünün prioritetləri sırasına daxil edib. Azərbaycan təkcə 2016-cı ildə müxtəlif beynəlxalq təşkilatlarda Fələstinin mövqeyinə dəstək ifadə edən 20-dən artıq qətnamənin lehinə səs verib. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və Anlaşma memorandumu imzalanıb. Amma bütün bunlar, eyni zamanda, Azərbaycanın İsraillə də münasibətlərinə mane olmur. Həmçinin İran da Azərbaycana bu münasibətlərinə görə yasaq qoya bilməz".

Politoloq qeyd edib ki, Azərbaycan İsraillə münasibətləri olan yeganə müsəlman ölkəsi deyil: "Vaxtilə Misir və İordaniya İsraillə bilavasitə müharibə aparıb, amma indi İsraillə diplomatik əlaqələri də var, səfrilikləri də var, münasibətləri də yüksək səviyyədədir. Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın da İsraillə münasibətləri yaxşıdır. Amma onlardan heç kim buna görə nə İrandan icazə alır, nə də üzrxahlıq edir. Maraqlısı budur ki, İran buna görə onlara heç irad da bildirmir. Ona görə də Azərbaycan həm cəmiyyət kimi, həm də dövlət kimi İran tərəfindən ölkəmizə qarşı səslənən iradları və tələbləri qəti şəkildə rədd edir. Necə ki, biz İranın üçüncü ölkələrlə münasibətlərinə bilavasitə müdaxilə etmirik, halbuki xoşagəlməyən çoxlu əsaslarımız var. İsrail İranın ərazisini işğal etməyib, Ermənistan isə Azərbaycan torpaqlarını işğal edib minlərlə müsəlman azərbaycanlını soyqırıma məruz qoyub, qətlə yetirib. Amma İranda Ermənistanın prezidentini də, xarici işlər nazirini də qəbul edirlər, İrəvanda səfir də saxlayırlar. Və nədənsə bunu edərkən heç də İslam həmrəyliyi barədə düşünmürlər. Ona görə də zəhmət çəkib bizə etdikləri iradlarını özlərinə yönəltsinlər".//milli.az

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ