Bir neçə gün öncə Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi yerli mətbuata İraqdakı silahlı qruplaşmaların, xüsusilə, İŞİD-in üzvü olmuş azərbaycanlı şəxslərin 7-12 yaşlarında olan 15-ə yaxın övladının İraq yetimxanlarında yaşaması və onların acınacaqlı durumda olması ilə bağlı məlumat verib.
Hazırda İraqda valideynlərini itirmiş azərbaycanlı uşaqların vətənə geri qaytarılması istiqamətində hansı addımların atıldığını öyrənmək məqsədi ilə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nəcəf Tağıyev ilə əlaqə saxladıq.
Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Nəcəf Tağıyev bildirib ki, bu məsələ İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın diqqət mərkəzindədir və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, bu məsələni ilk dəfə millət vəkili Qənirə Paşayeva MM-in ötən iclaslarından birində dilə gətirmiş və İraq yetimxanalarında saxlanılan azərbaycanlı uşaqların vətənə geri qaytarılması istiqamətində addımların atılmasının vacibliyini vurğulamışdı.
O, bir müddət öncə İraqda səfərdə olarkən, şəxsən həmin uşaqları gördüyünü və onların durumunun çox acınacaqlı olduğunu söyləmişdi.
7News.az








